Nizami Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə təqdimetmə mərasimi keçirilmişdir
14 avqust 2013-cü il tarixində rayon ərazisində məişət tullantılarının idarə olunmasının yaxşılaşdırılması məqsədilə yeni alınmış 15 ədəd xüsusi təyinatlı nəqliyyat vasitələrinin Nizami Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə təqdimetmə mərasimi keçirilmişdir.
Tədbirdə millət vəkilləri Sədaqət Vəliyeva və Rasim Musabəyov iştirak etmişlər.
İlk öncə tədbir iştirakçıları Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dəstəyi ilə alınmış 15 ədəd xüsusi təyinatlı nəqliyyat vasitələrinə baxış keçirmişlər. Baxış zamanı Mənzil Kommunal Təsərrüfatı Birliyinin Avtonəqliyyat sahəsinin müdiri İsmayıl Həsənov yeni nəqliyyat vasitələrinin imkanları haqqında məlumat vermişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov çıxışında Nizami rayonunda əhalinin sayının artması və sosial rifahın yüksəlməsi nəticəsində məişət tullantılarının həcminin durmadan çoxalması və mövcud olan xüsusi nəqliyyat vasitələrinin köhnəlməsi səbəbindən məişət tullantılarının daşınmasında problemlərin olduğunu qeyd edərək yeni alınmış xüsusi təyinatlı nəqliyyat vasitələrinin məişət tullantılarının idarə olunmasının təkmilləşdirilməsində və rayonun sanitar vəziyyətinin yaxşılaşdırılmasında əhəmiyyətli rol oynayacağını bildirmişdir.
Sonra millət vəkilləri Sədaqət Vəliyeva və Rasim Musabəyov bu cür tədbirlərin ekoloji əhəmiyyətini vurğulayaraq insan sağlamlığına və ətraf mühitə mənfi təsirin azalmasına xidmət etdiyini diqqətə çatdırdılar.