12 sentyabr 2013-cü il tarixində Rayon İcra Hakimiyyətində yeni 2013/2014-cü tədris ilinin başlanması münasibətilə konfrans keçirilmişdir.
Tədbirdə Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov, millət vəkilləri – Sədaqət Vəliyeva, Flora Qasımova, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, Bakı şəhəri üzrə Təhsil İdarəsinin məsul işçisi Firidun Abbasov, “Xəzər” Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı iştirak etmişlər.
Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov açaraq ötən ildə olduğu kimi, yola salınan tədris ilinin də Nizami rayonu üçün uğurlu olduğunu bildirərək, respublika üzrə keçirilən “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində rayonun 5 təhsil müəssisəsinin, “Ən yaxşı müəllim” müsabiqəsi üzrə isə 8 müəllimin qalib olduğunu qeyd etdi. Bundan əlavə, rayon üzrə ali məktəblərə qəbul olunanlardan 98 nəfərin 600-dən, o cümlədən 33 nəfərin 650-dən yuxarı bal toplayaraq tələbə adını qazandığını söylədi. T.Budaqov tələbə adını qazananları, onların valideynlərini, həmçinin ötən tədris ilində uğurlu nəticələr əldə edən tədris müəssisələrinin rəhbərlərini, müəllimləri təbrik etdi, onlara yeni-yeni nailiyyətlər arzuladı.
Sonra Tahir Budaqov “2012/2013-cü tədris ilinin yekunları və təhsil müəssisələrinin yeni 2013/2014-cü dərs ilinə hazırlıq vəziyyəti barədə” məruzə ilə çıxış üçün sözü başçının müavini Gülnaz İsrafilovaya verdi.
G.İsrafilova çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsilin davamlı inkişafını daim diqqət mərkəzində saxladığını, bu sahədə islahatların aparılması üçün bir sıra sərəncamlar imzaladığını qeyd etdi. Nizami rayonu üzrə “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində xeyli sayda məktəb və uşaq bağçalarının əsaslı təmir olunduğunu, yeni orta məktəb və tədris korpuslarının inşa edildiyini və bu kimi işlərin davam etdirildiyini bildirdi.
G.İsrafilova 2012/2013-cü tədris ilində Nizami rayonunun təlim-tərbiyə müəssisələrinin bir sıra uğurlara imza atdığını, rayon, şəhər, respublika və beynəlxalq səviyyəli tədbirlərdə, müsabiqələrdə, yarışlarda, olimpiadalarda böyük nailiyyətlər əldə etdiyini diqqətə çatdırdı.
Məruzənin sonunda G.İsrafilova “Təhsil əsri” elan edilən XXI əsrdə Nizami rayonunun təhsil işçilərinin bundan sonra da öz işlərini müasir tələblər səviyyəsində quracaqlarına, tədrisin keyfiyyətinin yüksəldilməsinə çalışacaqlarına, onların hər bir şagirdin dərin və əsaslı bilik alması üçün bütün imkanlardan səmərəli istifadə edəcəklərinə əminliyini bildirdi.
Tədbirdə “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi 220 №-li məktəb-liseyin direktoru Almaz Əsgərova, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi 229 №-li məktəbin riyaziyyat müəllimi Yeganə Nəsirova, 695 bal toplayaraq tələbə adını qazanmış “Zəngi” liseyinin məzunu Rəfiqə Rüstəmova çıxış edərək, təhsilə göstərilən yüksək diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.
Sonra Fəttah Heydərov, Sədaqət Vəliyeva, Flora Qasımova, Fidumə Hüseynova, Firidun Abbasov, Hamlet İsaxanlı çıxış edərək, təhsil sahəsində qazanılmış uğurlara görə rayon rəhbərliyinə, məktəb direktorlarına və müəllim kollektivlərinə öz minnətdarlıqlarını bildirdilər və bütün təhsil işçilərini qarşıdan gələn Bilik Günü münasibətilə təbrik edərək onlara şərəfli və məsuliyyətli işlərində uğurlar arzuladılar.
Tədbirin sonunda “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin qalibləri, 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunmuş məzunlar, Beynəlxalq olimpiadalarda və idman yarışlarında fərqlənən şagirdlər Nizami Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırıldılar.