Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda Beynəlxalq Yer Günü münasibətilə tədbir keçirilib

23 aprel 2019 | 16:00

23 aprel 2019-cu il tarixində 113 №-li körpələr evi-uşaq bağçasında 22 aprel – Beynəlxalq Yer Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Nizami İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov, müdir müavini Bəhman Hüseynov, Bakı Şəhər İcra Hakimiyyəti Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin Təlim-tərbiyə metodiki mərkəzinin müdiri Fəxrəndə Abbasova, Tədris və təlim-tərbiyə sektorunun müdiri Günay Əhmədova, rayon məktəbəqədər tərbiyə müəssisələrinin rəhbərləri, 113 №-li körpələr evi-uşaq bağçasının kollektivi və valideynlər iştirak ediblər.

İlk öncə tədbir iştirakçıları Beynəlxalq Yer Günü münasibətilə uşaq bağçasının həyətyanı ərazisində təşkil olunmuş sərgiyə baxıblar.

Sonra müəssisənin müsiqi zalında uşaqların ifasında şeir və mahnılar söylənilib, “Ana torpaq, bayramın mübarək!” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.

Tədbirdə Nizami İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova çıxış edərək bildirib ki, Beynəlxalq Yer gününün keçirilmə ənənələri XIX əsrin ikinci yarısına təsadüf edir. Belə ki, o dövrdə Amerika Birləşmiş Ştatlarının Nebraska ştatının sakini Corc Morton yaşıllaşdırma gününün keçirilməsini təklif edib və 1882-ci il 22 aprel tarixi Nebraska ştatında “Ağac Günü” elan olunaraq bayram kimi qeyd edilməyə başlanıb. 1970-ci ildən isə ABŞ-da ekoloji fəallardan olan senator Geylord Nelsonun təklifinə əsasən ekoloji problemlərin həllinə, ətraf mühitin mühafizəsinə diqqəti artırmaq məqsədilə həmin günün adı dəyişdirilərək “Yer Günü” adlandırılıb. 

Tədricən bu bayram beynəlxalq xarakter alıb, hazırkı dövrdə 150-yə yaxın ölkədə, o cümlədən Azərbaycanda qeyd olunur. Beynəlxalq Yer Günü ərəfəsində insanlar müxtəlif ekoloji tədbirlərdə iştirak etməklə ağaclar əkir, yaşıllıqlara qulluq edir, yaşadıqları əraziləri müxtəlif tullantılardan təmizləyir. G.İsrafilova həmçinin qeyd edib ki, ekoloji problemlərin həll olunmasında ilk növbədə maarifləndirmə işlərinin intensivliyinin daha da artırılması, ekoloji təbliğat-təşviqatın genişləndirilməsinə diqqət verilməsi əsas şərtlərdən sayılır və bu mənada bugünkü tədbirimizin böyük əhəmiyyəti vardır.

Bakı Şəhər İcra Hakimiyyəti Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin Təlim-tərbiyə metodiki mərkəzinin müdiri Fəxrəndə Abbasova və körpələr evi-uşaq bağçasının müdiri Flora Bayramova çıxış edərək qeyd ediblər  ki, azyaşlı uşaqlara ekoloji tərbiyəni öyrətmək onların formalaşmasında öz müsbət təsirini göstərir. Körpə yaşlarından torpağa, heyvanlara, ağac və bitkilərə bağlılığı, onlara qulluq etmək və qorumaq vərdişlərinə yiyələnməyi öyrətməklə gələcəkdə uşaqlarımızda Vətən sevgisi üçün zəmin yaratmış oluruq. Əsl vətənpərvərlik tərbiyəsinin özülü elə uşaq bağçalarında qoyulmalıdır.

Keçidlər