Nizami rayonunda “Məişət zorakılıqlarının qarşısının alınması və gender bərabərliyi” mövzusunda təlim keçirilib
19 aprel 2019-cu il tarixində Nizami Rayon İcra Hakimiyyətində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə “Məişət zorakılıqlarının qarşısının alınması və gender bərabərliyi” mövzusunda təlim keçirilib.
Təlimdə gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvləri, qəsəbə və sahə inzibati ərazi dairələrinin nümayəndələri, bələdiyyə üzvləri, məktəb direktorları və psixoloqlar iştirak edib.
Təlimdə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 iyun tarixli, 1578 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı»nın həyata keçirilməsi üzrə Tədbirlər Planının (2011-2015-ci illər) 3.5.2.1.-ci bəndində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə etibarlı monitorinq mexanizminin yaradılmasının həvalə edildiyi və bu məqsədlə bütün rayonlarda yerli icra orqanlarının nümayəndələrindən ibarət gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının yaradıldığı bildirilib.
Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova icra hakimiyyətlərində yaradılmış gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının yerlərdə vəziyyətin qiymətləndirilməsi, həyata keçirilən tədbirlərin effektivliyinin yoxlanılması, riskli ailələrin müəyyən edilməsi və lazımi dəstəyin göstərilməsi, zorakılığın səbəblərinin araşdırılması və təhlil edilməsi, xüsusilə də baş vermiş ağır zorakılıq hallarının müzakirəsi, zorakılıq qurbanlarının müdafiəsi və müvafiq yardımlarla təmin edilməsi üzrə fəaliyyətlərin əlaqələndirilməsi funksiyasını daşıdığını diqqətə çatdırıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-Təminat şöbəsinin müdiri Taliyə İbrahimova Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən (AQUPDK) Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) ilə birlikdə artıq 5 ildir ki, “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi” regional proqramı çərçivəsində məişət zorakılığı, ailə münasibətlərində qadın hüquqları mövzularında layihənin həyata keçirildiyini və 2018-ci ildən etibarən Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin dəstəyi ilə Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə etibarlı monitorinq qrupu üzvləri üçün təlimlərin keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib və ölkəmizdə məişət zorakılığı ilə bağlı mövcud vəziyyət, məişət zorakılığına qarşı mübarizə sahəsində atılan addımlar barədə ətraflı məlumat verib.
Komitənin aparat rəhbəri Ceyran Rəhmətullayeva məişət zorakılığına qarşı mübarizə sahəsində aparılan işlərdən, qarşıya çıxan problemlərdən, mühafizə orderi verilməsi qaydaları barədə əhalinin məlumatlandırılmasının vacibliyindən danışaraq, bu sahədə monitorinq qruplarının gördüyü işlərin əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb.
Təlimdə məişət zorakılığının qarşısının alınması sahəsində qanunvericilikdə nəzərdə tutulmuş prosedurlar, mühafizə orderlərinin tətbiqi və verilməsi, yerli qurumlar arasında əlaqələndirmə və təcrübədə mövcud problemlər, onların həlli yolları ilə bağlı fikir mübadiləsi aparılıb.