Prezident İlham Əliyev M.Əliyev küçəsi ilə M.Abbasov küçəsinin kəsişməsində istifadəyə verilən 110/35/6 kV-luq 204 saylı yarımstansiya ilə tanış olmuşdur.
25 sentyabr 2013-cü il tarixində Prezident İlham Əliyev M.Əliyev küçəsi ilə M.Abbasov küçəsinin kəsişməsində istifadəyə verilən 110/35/6 kV-luq 204 saylı yarımstansiya ilə tanış olmuşdur.
“Bakıelektrikşəbəkə” ASC-nin İdarə heyətinin sədri Baba Rzayev əsaslı şəkildə yenidən qurulan müasir tipli yarımstansiyada görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verərək bildirdi ki, 1980-ci ildə inşa edilmiş 204 saylı yarımstansiya Heydər Əliyev adına Bakı Neft Emalı zavodunu və ətrafdakı digər sənaye obyektlərini elektrik enerjisi ilə təchiz edirdi. Son dövrdə yarımstansiyanın əhatə etdiyi ərazidə yeni inşa edilən Olimpiya şəhərciyinin, Olimpiya Stadionunun, Gimnastika Kompleksinin və digər yeni obyektlərin fasiləsiz elektrik enerjisinə olan tələbatı nəzərə alınaraq, ümumi sahəsi 3200 kvadratmetrə yaxın olan, zirzəmisi ilə birlikdə 3 mərtəbədən ibarət müasir qapalı tipli yeni 110/35/6 kV-luq 204 saylı yarımstansiya tikilib istismara verilmişdir. Ərazidəki obyektləri və Olimpiya şəhərciyindəki yaşayış binalarını elektrik enerjisi ilə təchiz etmək üçün 110/35/6 kV-luq 204 saylı yarımstansiyadan qidalanan 3 yeni – 35/6 kV-luq “Koroğlu”, 208 və 217 saylı yarımstansiyalar da inşa edilmişdir.
Həmçinin yarımstansiyanın zirzəmi qatında müxtəlif gərginlikli giriş və çıxış kabellərinin yerləşdirildiyini, birinci mərtəbədə Dispetçer İdarəetmə Mərkəzi, 35 və 6 kV-luq qapalı paylayıcı qurğuları, reaktorlar, transformator bölmələri, əməkdaşlar üçün iş otaqları, mətbəx və digər yardımçı otaqların mövcud olduğunu, 2-ci mərtəbədə isə 110 kV-luq elektrik avadanlıqları quraşdırıldığını, havalandırma və yanğına qarşı xəbərdarlıq sistemləri ilə təmin olunduğunu diqqətə çatdırdı.
Yenidənqurulmuş yarımstansiya ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Dispetçer İdarəetmə Mərkəzindən kompüter vasitəsilə yarımstansiyanı işə saldı.