Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə “Müdrik siyasi xadim” mövzusunda tədbir keçirilib

09 may 2019 | 16:00

09 may 2019-cu il tarixində Nizami Rayon İcra Hakimiyyətində Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə “Müdrik siyasi xadim” mövzusunda tədbir keçirilib.

Tədbirdən öncə iştirakçılar Rayon İcra Hakimiyyətinin inzibati binasının foyesində ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək, ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbiri açan Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov dünyanın nadir, unikal, seçilən siyasət adamı, fenomenal şəxsiyyət olan Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxartdığını, ölkənin hərtərəfli inkişafına nail olduğunu, müstəqilliyini əbədi və dönməz etdiyini və uğurlu siyasəti sayəsində respublikamızı dünyada tanınan nüfuzlu bir dövlətə çevirdiyini diqqətə çatdırıb.

Təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan dövlət quruculuğu prosesinin  Prezident İlham Əliyev tərəfindən yüksək dinamizm, əzmkarlıqla davam etdirildiyini söyləyən Arif Qasımov, ölkə başçısının həyata keçirdiyi strateji inkişaf kursunun uğurları  sayəsində müstəqil dövlətimizin iqtisadi inkişaf potensialına görə lider dövlətlər sırasında olduğunu, beynəlxalq münasibətlər sistemində ölkəmizin mövqeyinin möhkəmləndiyini qeyd edib.

Arif Qasımov ölkəmizin siyasi və ictimai həyatında, dövlət quruculuğunda misilsiz xidməti olan dahi Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qaldığını və bundan sonra da qalacağını vurğulayıb.

“Müdrik siyasi xadim” mövzusunda məruzə ilə çıxış edən YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısında əvəzolunmaz və unudulmaz xidmətləri barədə fikirlərini açıqlayaraq bildirib ki, bütün həyatını Vətəninə, xalqına həsr etmiş ümummilli lider Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti tariximizdə dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. V.Rəhimzadə Azərbaycan xalqının daim bu böyük məktəbdən, ulu öndər Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacağını söyləyib. Natiq dahi şəxsiyyət Heydər Əliyevin öz parlaq siyasi zəkası və istedadı sayəsində müasir, müstəqil, qüdrətli Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratdığını, xalqımızın xoşbəxt gələcəyə aparan yolları müəyyənləşdirdiyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Nizami Rayon Ağsaqqallar Şurasının sədri Mayil Əliyev və Milli Məclisin deputatı Rövnəq Abdullayevin qərargahının rəhbəri Süsən Salmanova Azərbaycan xalqının xilaskarı olan və böyük siyasi xadim kimi tanınan Heydər Əliyevin ölkənin işıqlı sabahının etibarlı bünövrəsini qoyduğunu və Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrini əhatə edən dirçəlişin onun adı ilə bağlı olduğunu bildiriblər. Heydər Əliyevin ölməz ideyaları, dövlətçiliyimizin  möhkəmləndirilməsində əvəzsiz xidmətləri barədə danışan natiqlər böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilmiş ulu öndərin siyasi fəaliyyətinin istər ölkə, istərsə də dünya mətbuatında geniş işıqlandırıldığını söyləyiblər. Natiqlər qazanılan müstəqilliyə və onun qorunub saxlanılması sahəsində əldə edilən bütün nailiyyətlərə görə Azərbaycan xalqının ümummilli lider Heydər Əliyevə minnətdar olduğunu vurğulayıblar. 

 

Keçidlər