Nizami rayonunda “Milli-mənəvi dəyərlərimizin təbliğində İslamın rolu” mövzusunda maarifləndirici tədbir keçirilib
Nizami Rayon İcra Hakimiyyəti başçısı yanında Dini İşlər üzrə Komissiya 2019-cu il İş və tədbirlər planına əsasən Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhər şöbəsi ilə birgə 30 may 2019-cu il tarixində 238 №-li tam orta məktəbdə rayon üzrə orta ümumtəhsil məktəblərinin tərbiyə işləri üzrə direktor müavinlərinin, uşaq birliyinin rəhbərlərinin, valideyn icmaları nümayəndələrinin və yuxarı sinif şagirdlərinin iştirakı ilə “Milli-mənəvi dəyərlərimizin təbliğində İslamın rolu” mövzusunda növbəti maarifləndirici tədbir keçirib.
Tədbiri giriş sözü ilə Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Bəhman Hüseynov açaraq bildirib ki, hər bir xalqı dünyada tanıdan və onu digər xalqlardan fərqləndirən ən önəmli xüsusiyyətlərdən biri onun milli - mənəvi dəyərləridir. Azərbaycan xalqı özünün zəngin milli, əxlaqi və mənəvi dəyərlər sistemi ilə bəşər sivilizasiyasına əvəzsiz töhfələr verərək özünəməxsus adət-ənənələri, yüksək mənəviyyatı ilə daim diqqət mərkəzində olmuşdur. Azərbaycanın milli dəyərləri min illər əvvəl formalaşan, bu günədək demək olar ki, dəyişilməyən, itirilməyən dəyərlərdir. Bu dəyərlər vahid xalq olaraq formalaşmağımızda da əhəmiyyətli rola malikdir. Milli-mənəvi dəyərlər bizim hər birimiz üçün qiymətli və müqəddəs amillərdir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Bakı şəhər şöbəsinin əməkdaşı Nuru İmanov çıxışında qeyd edib ki, milli-mənəvi dəyərlərə hörmət xalqımızın keçmişinə, bu gününə və eyni zamanda gələcəyinə hörmət deməkdir. İslam dinində milli-mənəvi dəyərlərə hörmət hər zaman yüksəkdə dayanıb. Bu, ilk növbədə tərbiyənin ayrılmaz hissəsi olub.
Nuru İmanov xüsusi olaraq onu da vurğulayıb ki, İslam dininin tövsiyələrindən milli-mənəvi dəyərlərimizin təbliğində daha geniş istifadə olunmalı, bununla əlaqədar yerlərdə mütəmadi maarifləndirici tədbirlər keçirilməlidir.
238 №-li məktəbin direktoru İlqar Talıbov çıxışında bildirib ki, xalqımızın mənəvi dünyasını zənginləşdirən, birliyimizi təmin edən milli-mənəvi dəyərləri qoruyub saxlamaq və gələcək nəsillərə ötürmək hər birimizin vətəndaşlıq borcudur. İlqar Talıbov eyni zamanda qeyd edib ki, yeniyetmə-gəncləri öz təsir qüvvəsi altına salmağa cəhd edən, milli-mənəvi dəyərlərimizə zərbə vurmağa çalışan radikal qeyri-ənənəvi dini cərəyanlarla mübarizədə maarifləndirici tədbirlərin böyük əhəmiyyəti vardır.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, gənclərin dini radikalizm, ekstremizmdən qorunmasında, eləcə də milli-mənəvi dəyərlərin və vətənpərvərliyin təbliğ olunmasında mühüm rol oynayan “Şəhadət” sənədli filmi nümayiş etdirilib.