Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunun ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri keçirilib

14 iyun 2019 | 16:00

14 iyun 2019-cu il tarixində Nizami rayonundakı ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri keçirilib.

229 və 32 saylı tam orta məktəblərdə keçirilən “Son zəng” tədbirində Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, başçının birinci müavini Qərib Məmmədov, başçının müavini Gülnaz İsrafilova, İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, məktəb kollektivləri, şagirdlər və valideynləri iştirak ediblər.

Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə məktəb direktorları Fəridə Bağırova və Sevda Abdullayeva məzunları, onların valideynlərini və qonaqları salamlayaraq, ölkədə təhsil sahəsindəki inkişafdan, aparılan islahatlardan söz açıblar, məktəb kollektivinin və şagirdlərin qazandıqları uğurlar barədə məlumat veriblər. Məktəb direktorları Azərbaycan təhsilinə göstərdiyi diqqət və qayğıya görə kollektiv adından ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər və məzunlara  ürək sözlərini çatdıraraq onlara müstəqil həyatda uğurlar arzulayıblar.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Afiq Əzizov “Son zəng” münasibətilə onbirinciləri təbrik edib, onlara müstəqil Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmağı arzulayıb.

Nizami Rayon İcra Hakimiyyətinin  başçısı Arif Qasımov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkədə təhsilin səviyyəsinin artırılması, təhsil müəssisələrinin əsaslı təmiri, yeni məktəblərin və məktəbəqədər müəssisələrin tikintisi, onların lazımi avadanlıqlarla təminatı və təhsil işçilərinə olan diqqətin artırılması istiqamətində görülən işlərdən söz açıb. A.Qasımov müstəqil həyata qədəm qoyan məzunlara uğurlar, ölkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzulayıb, məktəbin pedaqoji kollektivinə şərəfli işlərində nailiyyətlər diləyib.

Tədbirlərdə çıxış edən digər qonaqlar məzunlara bundan sonra qədəm qoyacaqları müstəqil həyatlarında müvəffəqiyyətlər arzulayıb və onlara olan etimadı hər zaman doğrultmağı tövsiyə ediblər.

“Son zəng” tədbirləri məktəblilərin hazırladıqları musiqili-bədii çıxışlarla davam edib.

Sonda “Son zəng” çalınıb, səmaya əlvan şarlar buraxılıb.   

Nizami rayonunun digər orta təhsil müəssisələrində də “Son zəng” tədbirləri yüksək təşkilatçılıqla keçirilib.

 

Keçidlər