Nizami rayonunda 15 İyun – Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
14 iyun 2019-cu il tarixində Nizami rayonundakı 110 saylı körpələr evi-uşaq bağçasında 15 İyun – Milli Qurtuluş Günü münasibətilə “Biz gələcəyin mübariz əsgərləriyik!” adlı tədbir keçirilib.
Tədbirdə Bakı Şəhər İcra Hakimiyyəti Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin müdir müavini Teymur Mehdiyev və həmin idarənin əməkdaşları, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov, həmin şöbənin müdir müavini Bəhman Hüseynov, rayonun məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, metodistlər və 110 saylı uşaq bağçasının kollektivi iştirak ediblər.
Tədbir uşaqların ifasında Dövlət himninin oxunması ilə açılıb. Sonra müxtəlif illərin hərbi geyimlərində uşaqlar tərəfindən marşlar, əsgər mahnıları ifa olunub, səhnəciklər göstərilib. Eyni zamanda, Milli Qurtuluş Gününə həsr olunmuş video-çarx nümayiş edilib.
Tədbirin sonunda Bakı Şəhər İcra Hakimiyyəti Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin müdir müavini Teymur Mehdiyev və Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov Azərbaycan tarixinin şanlı səhifəsi 15 İyun – Milli Qurtuluş Günü barədə çıxış ediblər, habelə tədbirlə bağlı fikirlərini çatdırıblar. Çıxışlarda xüsusilə vurğulanıb ki, 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyub, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırıb və inkişafın təməlini qoyub. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır. Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun – Milli Qurtuluş Gününü hər il yüksək əhvali-ruhiyyə ilə qeyd edir.
Çıxışlarda qeyd olunub ki, məktəbəqədər tərbiyə müəssisəsində bu əlamətdar tarixlə bağlı tədbirin keçirilməsi, kiçikyaşlı uşaqlara məlumatların verilməsi çox təqdirəlayiqdir, bu, eyni zamanda vətənpərvərlik tərbiyəsinin təbliği baxımından da böyük əhəmiyyət kəsb edir.