Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib

24 iyun 2019 | 16:00

24 iyun 2019-cu il tarixində 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Nizami Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə tədbir keçirilib.

Tədbirdə Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan ordusundan bəhs edən film nümayiş etdirilib.

Filmin nümayişindən sonra çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından və inkişafından söz açıb. Qeyd edib ki, ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə ordu quruculuğunu, silahlı qüvvələrin təkmilləşdirilməsini və maddi-texniki bazasının gücləndirilməsini, milli hərbi kadrların hazırlanmasını daim diqqətdə saxlayıb. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi tədbirlər sayəsində silahlı qüvvələr modernləşdirilib və bölgənin ən güclü ordusuna çevrilib. Bu gün Azərbaycan ordusu Ali Baş Komandanın əmri ilə ölkəmizin ərazi bütövlüyünü bərpa etmək qüdrətinə malikdir.

Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova çıxış edərək vurğulayıb ki, bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin səyləri nəticəsində Azərbaycan Ordusu regionun ən qüdrətli silahlı qüvvəsinə çevrilib və hər an düşmənə layiqli cavab vermək əzmindədir: "Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi tədbirlər nəticəsində milli ordu quruculuğu yeni mərhələyə qədəm qoyub, qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırılıb. Ulu Öndərin bu siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycan ordusu qısa bir zamanda regionun ən qüdrətli ordusuna çevrilib".

Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin baş zabiti polkovnik Həbib Məmmədov, Müdafiə Nazirliyinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə İş üzrə şöbənin müdiri Zümrüd Səmədova və başqaları çıxış edərək 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin ordu quruculuğu sahəsindəki əvəzsiz xidmətlərindən danışıblar. Vurğulayıblar ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi sayəsində Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusundan birinə çevrilib.

Tədbirin sonunda gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında xidmətlərinə görə bir qrup şəxs Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin medalları ilə təltif ediliblər.

Keçidlər