Nizami rayonunda istehlakçıların ümumi sığorta və maliyyə savadlılığının artırılması ilə bağlı maarifləndirici tədbir keçirilib
25 iyun 2019-cu il tarixində Nizami Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının təşəbbüsü və Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə istehlakçıların ümumi sığorta və maliyyə savadlılığının artırılması ilə bağlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısının sahə inzibati ərazi dairələri üzrə nümayəndələri, Nizami və Keşlə bələdiyyələrinin, Maliyyə Bazarlarına Nəzarət Palatasının Sığorta fəaliyyətinə nəzarət departamentinin, İcbari Sığorta Bürosunun, “AzSığorta” ASC-nin, “AzərSığorta” DSKŞ-nin, “Paşa Həyat Sığorta” ASC-nin əməkdaşları, rayonun Mənzil-Kommunal Sahələrinin rəhbərləri və rayonda fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova tədbirin əhəmiyyəti haqqında danışıb və əhali arasında belə maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğulayıb.
Sonra Maliyyə Bazarlarına Nəzarət Palatasının Sığorta fəaliyyətinə nəzarət departamentinin əməkdaşı Hilal Səfərov “Ümumi sığorta sahəsində maarifləndirmə və daşınmaz əmlakın icbari sığortası üzrə məlumatlandırma” mövzusunda təqdimatla çıxış edib.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Rəşad Hüseynov, Rayon təsərrüfatı şöbəsinin müdiri Tariyel Tahirov, İcbari Sığorta Bürosunun direktor müavini Gəncalı Xaqanizadə, “AzSığorta” ASC-nin əməkdaşı Vüsal Qarayev, “AzərSığorta” DSKŞ-nin baş mühasibi Seyran Seyidova, “Paşa Həyat Sığorta” ASC-nin əməkdaşı Fuad Əliyev maliyyə bazarlarında olan mövcud vəziyyəti düzgün qiymətləndirmək və adekvat qərarlar qəbul etmək üçün zəruri biliklərin vacibliyini qeyd edərək maliyyə bazarları sahəsində biliklərə yiyələnməyin vətəndaşlara hüquq və vəzifələrini bilməklə yanaşı, maliyyə bazarı iştirakçıları arasında düzgün və sərfəli seçim etməkdə yardım etdiyini, həmçinin əsas maliyyə anlayışlarını bilmək və onlardan təcrübədə istifadə etmək bacarığının insanların öz rifahını yaxşılaşdırmağa imkan yaratdığını söyləyiblər.
Eyni zamanda, natiqlər əhali arasında sığorta sahəsində maarifləndirmə tədbirlərinin genişləndirilməsi, insanların sığorta savadlılığının artırılması və sığorta mədəniyyətinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar və bildiriblər ki, maarifləndirmə tədbirləri ilkin olaraq insanların ən çox qarşılaşdığı problemləri – məlumatsızlığın aradan qaldırılması, sığortaya inamın yüksəldilməsi və sığorta proseduralarının sadələşdirilməsini əhatə etməlidir.
Çıxışlardan sonra tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.