Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda 2019-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib

08 avqust 2019 | 16:00

08 avqust 2019-cu il tarixində Nizami Rayon İcra Hakimiyyətində rayonun 2019-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

Yığıncaqda Milli Məclisin deputatları Sədaqət Vəliyeva və Rasim Musabəyov, rayonun hüquq-mühafizə orqanlarının, idarə və təşkilat, təhsil, səhiyyə və mədəniyyət ocaqlarının rəhbərləri iştirak ediblər.

İlk öncə yığıncaq iştirakçıları İcra Hakimiyyətinin foyesindəki ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzərək onun əziz xatirəsini yad ediblər.

Yığıncağı Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov açaraq, 31 iyul 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında keçirilən sosial-iqtisadi sahə ilə bağlı müşavirədə dövlət başçısının ilin əvvəlindən qarşıya qoyulan vəzifələrin icra edildiyini, ölkəmizin inamla inkişaf etdiyini, böyük infrastruktur layihələrinin icra olunduğunu, ümumi iqtisadi vəziyyətin çox müsbət olduğunu vurğuladığını diqqətə çatdırıb. Cənab Prezidentin Azərbaycan vətəndaşlarının rifahı, onların yaşayış səviyyəsinin daim diqqət mərkəzində saxlanıldığını, bu il minimum əməkhaqqının təxminən 2 dəfə qaldırılaraq 130 manatdan 250 manata, pensiyanın isə 116 manatdan 200 manata çatdırıldığını, sosial müavinətlərin təxminən 2 dəfə, məcburi köçkünlərə verilən müavinətin 50 faiz artırıldığını, problemli kreditlərlə bağlı olan məsələnin öz həllini tapdığını söylədiyini qeyd edib.

A.Qasımov ölkə başçısının ilin əvvəlindən 60 min yeni iş yeri açıldığını, işsizliyin aşağı səviyyədə olması üçün ödənişli ictimai iş yerlərinin yaradılması istiqamətində önəmli addımlar atıldığını və təxminən 40 minə yaxın ödənişli ictimai iş yeri yaradıldığını qeyd etdiyini bildirmişdir.

A.Qasımov cənab Prezidentin cari ilin altı ayda görülmüş işlərin təqdirəlayiq olduğunu, ölkəmizin dayanıqlı inkişaf yolu ilə getdiyini, bir neçə il bundan əvvəl dünyanı sarsıdan və ölkəyə təsirsiz ötüşməyən iqtisadi-maliyyə böhrandan ölkəmizin şərəflə çıxdığını və ilin sonuna qədər nəzərdə tutulan bütün vəzifələrin icra ediləcəyini əminliklə vurğuladığını diqqətə çatdırıb.

Sonra Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova 2019-cu ilin birinci yarısında Nizami rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında hesabatla çıxış edib.

G.İsrafilova 21 may 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nizami rayonuna səfər etdiyini və Keşlə dəmir yolu vağzalında yaradılan şəraitlə tanış olduğunu diqqətə çatdırıb.

Hesabat dövründə rayonda fəaliyyət göstərən müəssisələr tərəfindən 270,5 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11.2  faiz  çox  sənaye məhsulu istehsal edildiyini, bütün maliyyə mənbələri hesabına 18,8 milyon manat həcmində əsas fondların istifadəyə verildiyini, rayonda iqtisadi və sosial sahələrin inkişafı üçün əsas kapitala 235,9 milyon manat həcmində vəsait yönəldildiyini, 21,0 milyon manatlıq tikinti-quraşdırma işlərin görüldüyünü, podratçı təşkilatlar tərəfindən görülən işlərin həcminin 58,2 milyon manat, əsaslı təmirin 3,0 milyon manat, cari təmirin 12,4 milyon manat, sair tikinti işlərinin isə 25,2 milyon manat təşkil etdiyini bildirib.

2019-cu ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 986,6 milyon manatlıq əmtəə satıldığını, rabitə müəssisələri tərəfindən 220,4 milyon manat, nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən isə 49,8 milyon manat həcmində xidmət göstərildiyini nəzərə çatdırıb.

Həmçinin, əhaliyə göstərilən ödənişli xidmətlərin həcminin 176,2 milyon manat təşkil etdiyini, rayon üzrə muzdlu işçilərin sayının əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,4 faiz  artaraq 46990 nəfər olduğunu, işçilərin orta aylıq nominal əmək haqqının 666,0 manat təşkil etdiyini, 2019-cu yanvar-iyun aylarında 1805 yeni iş yeri açıldığını bildirib.

2019-cu ilin birinci yarısında Nizami Rayon Məşğulluq Mərkəzində işaxtaran kimi 1903 nəfərin qeydiyyata götürüldüyünü, 1026 nəfərin münasib işlə təmin edildiyini, bundan əlavə “DOST” iş mərkəzinin xətti ilə 795 nəfərin sosial işlərə, özünüməşğulluq proqramına əsasən işaxtaran və işsiz vətəndaşlardan fərdi biznes fəaliyyətinə 132 nəfərin cəlb olunduğunu diqqətə çatdırıb.

Bunlardan əlavə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığının icrasını təmin etmək məqsədilə fevralın 12-dən may ayının 12-dək rayon əhalisinin pulsuz tibbi müayinəsinin həyata keçirildiyini, ümumilikdə rayon üzrə 18 yaşdan yuxarı olan 124739 nəfərdən 84783 nəfərin tibbi müayinədən keçdiyini, onlardan 3141 nəfərin ambulator, 256 nəfərin stasionar, 96 nəfərin isə ixtisaslaşmış tibb müəssisələrinə müalicəyə göndərildiyini, stasionar müalicəyə göndərilənlərdən 64 nəfərində cərrahiyyə əməliyyatı aparıldığını nəzərə çatdırıb.

G.İsrafilova ictimai-siyasi və humanitar, xidmət və təsərrüfat sahələri üzrə görülən işlər barədə də hesabat verib.

Natiq rayonda abadlaşdırma və yenidənqurma işlərindən danışaraq bildirib ki, cari ilin 6 ayında rayonda 16760 m2  şüşə ruberoid təmir edilmiş, 120 p/m su xətti, 56 p/m kanalizasiya xətti, 1206 p/m navalça, 360 p/m yağış su borusu dəyişdirilmiş, ümumi istifadə yerindən sınmış 578 m2 şüşə yenisi ilə əvəz edilmiş, 93 mövcud giriş qapısı, 62 pəncərə təmir olunmuş, 620 p/m tüstü baca və ventilyasiya  kanalları təmizlənmişdir. M.X.Şərifli  küçəsi 84, 86, 88, R.Rüstəmov küçəsi 37, 39, Q.Qarayev prospekti 63 №-li binaların dam örtüyü yenidən qurularaq çardaqlı dam örtüyü ilə əvəz edilmişdir. Naxçıvanski küçəsi 61, 63, 65A, 67, 69, B.Nuriyev küçəsi 37, 49, Q.Qarayev prospekti 59 saylı binalar əsaslı təmir edilmiş və həyətləri abadlaşdırılmış, uşaqların əylənməsi üçün attraksionlar, böyüklərin istirahəti üçün idman qurğuları və müasir tələblərə cavab verən günlüklər quraşdırılaraq sakinlərin istifadəsinə verilmişdir. Rayonda ötən 6 ay ərzində ayrı-ayrı ünvanlarda 2080 p/m səki daşı yenisi ilə əvəz olunmuş, piyadalar üçün nəzərdə tutulan səkilərə 7350 m2 asfalt beton örtüyü vurulmuşdur. Hazırda “Bizim həyət” layihəsi çərçivəsində R.Rüstəmov 35, 37, 39, Q.Qarayev 63 və M.X.Şərifli küçəsi 84, 86, 88, 90, 92 saylı binaların həyətində abadlaşdırma işlərinin davam etdirildiyini, rayon ərazisində istismar müddəti bitmiş 95 liftin yenisi ilə əvəz olunması istiqamətində işlərin görüldüyünü, küçə və məhəllələrin işıqlandırılması istiqamətində ötən 6 ay ərzində 170 dirəyin quraşdırıldığını, 6440 p/m kabel xəttinin çəkildiyini, 3045 ədəd lampanın dəyişdirildiyini və 280 çırağın quraşdırıldığını qeyd edib.

G.İsrafilova çıxışının sonunda 2019-cu ildə qarşıya qoyulan tapşırıqların icrası istiqamətində rayon üzrə həllini gözləyən bir sıra məsələləri diqqətə çatdırıb və onların yerinə yetirilməsinin vacibliyini vurğulayıb.

Daha sonra, Milli Məclisin deputatları Sədaqət Vəliyeva və Rasim Musabəyov dövlət başçısı cənab İlham Əliyev tərəfindən aparılan siyasət nəticəsində respublikamızın dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutduğunu, sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə yüksək göstəricilər və nəticələr qazanaraq qüdrətini daha da artırdığını söyləyiblər. Eyni zamanda, rayonda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri barədə fikirlərini söyləyiblər və rayon sakinlərinin problemlərinin həlli istiqamətində görülən işlərdən məmnun olduqlarını bildiriblər.

Çıxışlardan sonra, A.Qasımov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 22 iyun 2019-cu il tarixli Sərəncamına əsasən dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif olunan Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qara Qarakişiyevə “Dövlət qulluğunda fərqlənməyə” görə medalını təqdim edib.

Yığıncağa yekun vuran Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün aidiyyəti təşkilatlara müvafiq tapşırıqlarını verib.

Keçidlər