Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva E.Süleymanov küçəsi 120a ünvanında inşa olunan Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin açılışında iştirak etmişdir.
07 oktyabr 2013-cü il tarixində Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən E.Süleymanov küçəsi 120a ünvanında inşa olunan Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin açılışında iştirak etmişdir.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın mərkəzlə tanışlığı zamanı bildirildi ki, bir hektar ərazini əhatə edən 3 mərtəbə və zirzəmi hissəsindən ibarət mərkəzin ümumi sahəsi əsas və köməkçi binalarla birlikdə 7300 kvadratmetrdir.
Burada psixologiya, məktəbəqədər hazırlıq, biologiya, zoologiya, kompyuter, loqoped, riyaziyyat, astronomiya və valideyn otaqları, həmçinin heykəltəraşlıq, əmək, xalçaçılıq, tikiş, rəsm dərnəklərinin fəaliyyət göstərəcəyi otaqlar, ən müasir avadanlıqlarla təchiz olunmuş kino və teatr zalları, idman zalı, üzgüçülük və müalicə hissələrindən ibarət olan üzgüçülük hovuzu, daun sindromlu xəstələrin rahat qidalanması üçün hər cür şəraiti olan yeməkxana, onların istirahətinin təşkili üçün uşaq əyləncə meydançası, köşklər və açıq idman meydançası yaradıldığı bildirildi.
Eyni zamanda mərkəzin daun sindromlu şəxslərin, eləcə də onların ailə üzvlərinin sosial-mədəni reabilitasiyası və cəmiyyətə inteqrasiyasına xidmət edəcəyi qeyd olundu.
Sonda Heydər Əliyev Fondu tərəfindən mərkəzə avtobus hədiyyə edildi.