Nizami rayonunda 2018/2019-cu tədris ilinin yekunları və təhsil müəssisələrinin yeni 2019/2020-ci dərs ilinə hazırlığının vəziyyəti barədə konfrans keçirilib
14 sentyabr 2019-cu il tarixində Rayon İcra Hakimiyyətində 2018/2019-cu tədris ilinin yekunları və təhsil müəssisələrinin yeni 2019/2020-ci dərs ilinə hazırlığının vəziyyəti barədə konfrans keçirilib.
İlk öncə yığıncaq iştirakçıları İcra Hakimiyyətinin foyesindəki ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzərək onun əziz xatirəsini yad ediblər.
Konfransı giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov ilk öncə təhsil işçilərini qarşıdan gələn Bilik Günü münasibətilə təbrik edib. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ümumtəhsil müəssisələrinin infrastrukturunun yeniləşməsi və müasirləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görüldüyünü, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı ölkə başçısı tərəfindən imzalanan sərəncamlara əsasən regionlarda modul tipli məktəblərin quraşdırılması üçün 18 milyon manat, Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə 40 milyon manat, təhsil müəssisələrinin qazlaşdırılmasından ötrü isə 5,7 milyon manat vəsait ayrıldığını diqqətə çatdırıb.
A.Qasımov son 16 ildə Azərbaycan təhsilinin inkişafı ilə bağlı 20-dən çox Dövlət Proqramı qəbul olunduğunu, eyni zamanda, məktəblərin infrastrukturunun yeniləşdirilməsi sahəsində Heydər Əliyev Fondunun müstəsna xidmətlərini qeyd edərək bildirib ki, “Yeniləşən Azərbaycan yeni məktəb” proqramı çərçivəsində ölkənin müxtəlif bölgələrində 100 mindən çox şagirdin təhsil aldığı 412 məktəb binası inşa olunub və ya yenidən qurulub.
O, bu gün islahatlar yolunda olan milli təhsilimizin yaxın gələcəkdə dünyanın qabaqcıl ölkələri sırasına çıxaracağını əminliklə bildirib.
Sonra Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova 2018/2019-cu tədris ilinin yekunları və təhsil müəssisələrinin yeni 2019/2020-ci dərs ilinə hazırlığının vəziyyəti barədə çıxış edib.
G.İsrafilova ötən illərdə olduğu kimi, 2018-2019-cu tədris ilində də rayonumuzun təlim-tərbiyə müəssisələrinin bir sıra uğurlara imza atdığını, rayon, şəhər, respublika və beynəlxalq səviyyəli tədbirlərdə, müsabiqələrdə, yarışlarda, olimpiadalarda nailiyyətlər qazandığını qeyd edib. Belə ki, 2019-cu ildə məktəblilər arasında keçirilmiş Respublika fənn olimpiadasında 5 nəfərin (ötən il 2 nəfər) birinci yerə, 9 nəfərin (ötən il 4 nəfər) ikinci yerə, 10 nəfərin (ötən il 9 nəfər) üçüncü yerə layiq görüldüyünü, beynəlxalq olimpiadalarda isə 3 məktəb-lisey və 1 məktəbin iştirak edərək uğurlu nəticələr əldə etdiklərini nəzərə çatdırıb.
Bundan əlavə, G.İsrafilova 2018/2019-cu dərs ilində rayonun orta ümumtəhsil məktəblərini 1947 şagirdin bitirdiyini, onlardan 1744 nəfərin ali məktəblərə sənəd verdiyini və Dövlət İmtahan Mərkəzinin rəsmi məlumata görə sənəd verənlərin 1206 nəfərinin, yəni 69,1%-nin tələbə adını qazandığını qeyd edib.
Çıxışının sonunda natiq əldə olunan bütün bu uğurlara görə nailiyyət qazanmış şagird və məzunlarımızı ürəkdən təbrik edib.
Əməkdar müəllim Süsən Salmanova “Gənclər siyasəti” mövzusunda çıxış edərək əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətinin bu gün dövlət siyasətinin mühüm tərkib hissəsi olduğunu, Azərbaycan gəncliyinin ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçildiyini, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynadığını və onların fəaliyyəti üçün yaradılan geniş imkanlar nəticəsində cəmiyyətin aparıcı qüvvəsinə çevrildiyini, eyni zamanda, dövlət başçısının gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun, dövlət idarəçiliyi sistemində iştirakının təmin edilməsi istiqamətində dövlət proqramlarının təsdiq edilməsi haqqında sərəncamlar imzaladığını və bütün bunların gənclərə göstərilən dövlət qayğısının bariz nümunəsi olduğunu qeyd edib.
220 №-li məktəb-liseyin məzunu, Prezident təqaüdçüsü Murad Yusifli, 229 №-li məktəbin məzunu, Prezident təqaüdçüsü Ayhan Məmmədovun atası Arzu Məmmədov çıxış edərək göstərilən diqqət və qayğıya görə ölkə başçısına təşəkkürlərini bildiriblər.
Konfransın sonunda yüksək bal toplayaraq ali məktəblərə qəbul olunmuş məzunlar Nizami Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən hədiyyələrlə mükafatlandırılıb.