Nizami rayonunda 15 sentyabr – Bilik Günü qeyd edilib
15 sentyabr – Bilik Günü Nizami rayonunun bütün orta məktəblərində təntənəli şəkildə qeyd edilib.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, başçının birinci müavini Qərib Məmmədov, müavinləri İldırım Mehdiyev, Gülnaz İsrafilova və Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları Bilik Günü ilə əlaqədar təhsil müəssisələrində keçirilən tədbirlərdə iştirak ediblər.
Rayon ərazisində fəaliyyət göstərən təhsil ocaqlarında Bilik Günü ilə bağlı keçirilən tədbirlər Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb.
129 №-li tam orta məktəbdə Bilik Günü münasibətilə keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov müəllimləri, valideynləri və şagirdləri təbrik edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğısı sayəsində milli təhsil sisteminin inkişaf proqramlarının reallaşdırılmasına başlanıldığını və Azərbaycan təhsilinin davamlı inkişafına yönəlmiş əsaslı tədbirlərin davam etdirildiyini, bu tədbirlər nəticəsində ölkəmizdə, o cümlədən, rayonumuzda təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirildiyini, əsaslı təmir edildiyini, yeni tədris korpuslarının tikildiyini və müasir avadanlıqlarla təchiz edildiyini diqqətə çatdırıb.
A.Qasımov Bilik Günü ərəfəsində 129 №-li tam orta məktəbin də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən əsaslı təmir olunduğunu qeyd edib, məktəbdə müasir tələblərə cavab verən fizika, kimya və biologiya kabinetlərinin, 2 informatika kabinetinin, kitabxana, mütaliə zalı, akt və idman zallarının şagirdlərin istifadəsinə verildiyini vurğulayıb.
Çıxışının sonunda İcra Hakimiyyətinin başçısı Arif Qasımov bir daha Bilik Günü münasibətilə məktəb kollektivini və şagirdləri təbrik edərək yeni dərs ilində onlara uğurlar arzulayıb.
Qeyd edək ki, 2018/2019-cu dərs ilində rayonun orta ümumtəhsil məktəblərini 1947 şagird bitirib. Onlardan 1744 nəfəri ali məktəblərə sənəd verib və Dövlət İmtahan Mərkəzinin rəsmi məlumata görə, sənəd verənlərin 1206 nəfəri, yəni 69,1%-i tələbə adını qazanıb.