Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətində 2013-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.

23 oktyabr 2013 | 15:00

22 oktyabr 2013-cü il tarixində İcra Hakimiyyətində 2013-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
İclası giriş sözü ilə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov açaraq, ilk öncə 2013-cü il 9 oktyabr tarixində keçirilən Azərbaycan Respublikası Prezidenti seçkilərində cənab İlham Əliyevin möhtəşəm qələbəsi münasibətlə iclas iştirakçılarını təbrik etdi və bildirdi ki, cənab İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi xalqımızın ölkə rəhbərinə olan etimadının təzahürüdür. O, respublikanın bütün bölgələrində olduğu kimi Nizami rayonunda da demokratik prinsiplər əsasında, aşkarlıq, şəffaflıq və dinclik  şəraitində keçən Prezident seçkilərində cənab İlham Əliyevin 84,19% səs topladığını nəzərə çatdırdı.
Sonra T.Budaqov oktyabr ayının 6-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında respublikanın sosial-iqtisadi vəziyyətinin və qarşıda duran vəzifələrin müzakirə olunduğunu bildirdi. O, respublikada həyata keçirilən islahatların davam etdirildiyini, əhalinin həyat səviyyəsinin yaxşılaşdığını, inflyasiyanın aşağı düşdüyünü, sosial-iqtisadi göstəricilərin ötən dövrlərə nisbətdə yüksək səviyyədə olduğunu, Dövlət Proqramlarının müvəffəqiyyətlə icra olunduğunu və bu istiqamətdə işlərin davam etdirildiyini qeyd etdi. Sonra T.Budaqov 2013-cü ilin 9 ayında Nizami rayonunun sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər və qarşıda duran vəzifələr haqqında məruzə üçün sözü başçının müavini Gülnaz İsrafilovaya verdi.
G.İsrafilova cari ilin 9 ayı ərzində rayonun müxtəlif sahələrində əldə olunmuş nailiyyətlər və görülmüş işlər barədə geniş hesabatla çıxış etdi.
Sonra 4 №-li İstilik Sistemləri İstismar Sahəsinin rəisi Vüqar Həsənov, Nizami rayon Enerji təchizatı və satışı idarəsinin İstismar şöbəsinin rəisi İmran Məmmədov çıxış edərək hesabat dövründə aidiyyəti sahələr üzrə görülən işlər haqqında məlumat verdilər, eyni zamanda payız-qış mövsümünə hazırlıqla bağlı qarşıda duran vəzifələrdən söz açdılar.
Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı T.Budaqov qarşıda duran vəzifələrdən söz açaraq, cənab Prezident tərəfindən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın hazırlanması ilə əlaqədar müvafiq tapşırıqlar verildiyini bildirdi. Bu məqsədlə də rayon əhalisini narahat edən sosial-iqtisadi problemlərin araşdırılması və bu problemlərin aradan qaldırılması məqsədilə dövlət proqramına daxil edilməsi üçün müvafiq təkliflər hazırlanacağını nəzərə çatdırdı.
İclasın sonunda T.Budaqov tədris müəssisələrində vətənpərvərlik tərbiyəsinin daha da gücləndirilməsi, yeniyetmə-gənclərin zərərli vərdişlərdən qorunması, sağlam həyat tərzinin təbliği istiqamətində tədbirlərin davam etdirilməsində, şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsində “Şahin” hərbi idman oyununun müstəsna rol oynadığını və 220 №-li məktəb-liseyin komandasının iki il ardıcıl olaraq həm şəhər, həm də respublika mərhələsinin qalibi kimi birinci yerə layiq görüldüyünü qeyd etdi. Həmin komandanın qalib olmasında 220 №-li məktəb-liseyin hərbi müəllimi Mübariz Məmmədovun böyük əməyi olduğunu bildirərək onu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə “Əməkdar müəllim” fəxri adına layiq görülməsi münasibətilə təbrik etdi.

Keçidlər