Nizami rayonunda “Əsrin Müqaviləsi”nin 25 illiyi münasibətilə dəyirmi masa keçirilib
23 sentyabr 2019-cu il tarixində 210 nömrəli tam orta məktəbdə “Əsrin Müqaviləsi”nin 25 illiyi münasibətilə dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə açan Nizami Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Səadət Quliyeva dövlət müstəqilliyimizin ilk illərindəki gərgin geosiyasi şəraitdə xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi qətiyyəti nəticəsində imzalanmış və yüksək dəyərləndirilərək “Əsrin müqaviləsi” adını qazanmış bu Sazişin respublikamızın iqtisadi suverenliyini əks etdirən ilk beynəlxalq neft anlaşması olduğunu qeyd edib. “Əsrin müqaviləsi”nin imzalanmasının ölkəmizin yeni mərhələyə qədəm qoymasına şərait yaratdığını bildirib və bu Sazişin ölkəmizin sonrakı inkişafında və Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmasında həlledici rolu olduğunu diqqətə çatdırıb. “Əsrin müqaviləsi”nin uğurlu icrasının əhalinin məşğulluğunun təminində, sosial infrastrukturun tamamilə yenilənməsində, məcburi köçkün, şəhid və aztəminatlı ailələrin sosial problemlərinin həllində və respublikamızın beynəlxalq aləmdə nüfuzunun getdikcə artmasında böyük rolu olduğunu söyləyib.
Sonra “Əsrin Müqaviləsi”nin 25 illiyi ilə bağlı videoçarx nümayiş etdirilib.
Dəyirmi masada məktəbin tarix müəllimi Sədaqət Bədəlova çıxış edərək, “Əsrin Müqaviləsi”nin imzalanmasının respublikamızın bu günü və gələcəyi üçün nə qədər əhəmiyyətli olması haqqında geniş və ətraflı məlumat verib.
Dəyirmi masa maraqlı fikir mübadiləsi və qarşılıqlı dialoq şəraitində davam edib.