Nizami rayonunda yol hərəkətinin təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib
Nizami Rayon İcra Hakimiyyəti və Nizami Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə 15 oktyabr 2019-cu il tarixində 61 №-li tam orta məktəbdə şagirdlərin, müəllim və valideynlərin iştirakı ilə “Yol-nəqliyyat qaydalarını öyrənək, təhlükəsizliyimizi qoruyaq” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov, müavini Bəhman Hüseynov, Bakı Şəhər Dövlət Yol Polisinin mətbuat xidmətinin rəisi, polis polkovniki Vaqif Əsədov, Nizami Rayon Polis İdarəsinin Veteranlar Şurasının üzvü Firdovsi Bayramov və məktəbin direktoru Zenfira Şıxəliyeva çıxış edərək yol-nəqliyyat hadisələri barədə iştirakçılara məlumatlar veriblər. Çıxışlarda xüsusilə vurğulanıb ki, yol hərəkəti qaydalarını öyrənmək və onlara əməl etmək hər bir şəxs üçün çox vacib məsələlərdən sayılır, bu eyni zamanda, şəxsi təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır. İndiki şəraitdə yol hərəkəti qaydalarının tədris müəssisələrində şagirdlərə izah edilməsinin aktuallığı daha da artmışdır, çünki əksər hallarda məsuliyyətsizlik və ən əsası yol hərəkəti qaydalarını bilməməzlikdən qarşısıalınmaz hadisələr baş verir və nəticədə faciələr yaşanır. Odur ki, maarifləndirici və öyrədici tədbirlər, görüşlər, diskussiyaların təşkili davam etdirilməli, belə tədbirlərin intensivliyi daha da artırılmalıdır.
Tədbirdə şagirdlərə yol hərəkəti qaydaları barədə izahatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb, həmçinin yol-nəqliyyat hadisələrindən bəhs edən video-slayd nümayiş etdirilib.