Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda tütünçəkməyə və narkomanlığa qarşı mübarizə çərçivəsində növbəti maarifləndirmə tədbirləri keçirilib

30 oktyabr 2019 | 16:00

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Nizami rayon komissiyasının 2019-cu il iş planına uyğun olaraq Rayon Polis İdarəsi ilə birgə 28-29 oktyabr 2019-cu il tarixlərində Kimya-biologiya təmayüllü Respublika liseyində və Keşlə qəsəbəsindəki 201 №-li tam orta məktəbdə yuxarı sinif şagirdlərinin, müəllim və valideynlərin iştirakı ilə “Sağlam həyat tərzini seçirik – tütünçəkməyə və narkomanlığa yox deyirik!” mövzusunda maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərdə Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Bəhman Hüseynov, Azərbaycan Dövlət Tibb Universitetinin dosenti Rafiq Bayramov, Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin rəisi, polis polkovnik-leytenantı Məryəm Ömərova, 23-cü Polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Emin Çələbiyev, Nizami Rayon Polis İdarəsinin Veteranlar Şurasının sədr müavini Firdovsi Bayramov, tədris müəssisələrinin rəhbərləri – Kamran Rəhimov və Nəriman Vəliyev çıxış edərək zərərli vərdişlər, o cümlədən tütünçəkmə və narkomanlığın insan sağlamlığına vurduğu sağalmaz fəsadlar haqqında tədbir iştirakçılarına məlumatlar veriblər, şagirdlərə zərərli vərdişlərdən qorunma istiqamətində tövsiyələrini çatdırıblar.

Çıxış edənlər xüsusilə vurğulayıblar ki, tütünçəkməyə aludəçilik sonda digər zərərli vərdişlərə, ən əsası da narkomanlığa gətirib çıxarır. Məhz araşdırmalar göstərir ki, narkomanların əksəriyyəti tütünçəkmədən sonra bu zərərli vərdişə düçar olurlar.

Tədbirlərdə həmçinin şagirdlərin və valideynlərin sualları cavablandırılıb, onları narahat edən bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, müvafiq izahatlar verilib.

 

Keçidlər