“Yanğın profilaktikasında və yanğın hadisələri zamanı əhaliyə düzgün davranış vərdişlərinin aşılanmasında yerli icra hakimiyyətləri və özünüidarəetmə orqanlarının rolu” və “Payız-qış mövsümünə hazırlığın yekunları” ilə bağlı rayon müşavirəsi keçirilmişdir
16 noyabr 2013-cü il tarixində Nizami Rayon İcra Hakimiyyətində “Yanğın profilaktikasında və yanğın hadisələri zamanı əhaliyə düzgün davranış vərdişlərinin aşılanmasında yerli icra hakimiyyətləri və özünüidarəetmə orqanlarının rolu” və “Payız-qış mövsümünə hazırlığın yekunları” ilə bağlı rayon müşavirəsi keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov iştirakçıları müşavirənin gündəliyi ilə tanış edərək, mövzuların aktuallığını müşavirə iştirakçılarının nəzərinə çatdıraraq çıxış üçün sözü Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəis müavini, tibb xidməti polkovniki Cəfər Məmmədova verdi.
Cəfər Məmmədov “Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri və struktur bölmələri” mövzusunda çıxış edərək nazirliyin son dövrdə əldə etdiyi nailiyyətləri və qazanılan təcrübələrini müşavirə iştirakçılarına video-çarxla təqdim etdi.
Sonra Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin Operativ məlumat şöbəsinin rəisi, idarə rəisinin müavini polkovnik-leytenant Vaqif Teymurov “Yanğının baş vermə səbəbləri və yanğın zamanı hərəkət qaydaları” mövzusunda maarifləndirici slaydlar vasitəsilə məruzə etdi.
Daha sonra “Payız-qış mövsümünə hazırlığın yekunları” ilə bağlı Rayon İcra Hakimiyyəti başçısı aparatının Rayon Təsərrüfatı şöbəsinin müdiri Babək Tatlıyev məruzə edərək, 2013-2014-cü illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar rayonun xidmət və təsərrüfat idarələrinin tabeçiliklərində olan ayrı-ayrı təsərrüfatlarda görülmüş işlər barədə məlumat verdi.
Məruzələr ətrafında III Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşı, daxili xidmət polkovnik-leytenantı Təyyar Paşayev “Yanğın təhlükəsizliyi qaydaları”, Nizami Rayon Dövlət Yanğından Mühafizə xidmətinin əməkdaşı, daxili xidmət mayoru Elgün İsmayılzadə “Rayon ərazisində yanğın mühafizəsi problemləri və həlli yolları”, 18 №-li Birləşmiş Şəhər Xəstəxanasının həkim-cərrahı Şərqiyyə Məmmədova “Yanğın zamanı ilkin tibbi yardım”, Rayon Enerji Təchizatı və Satışı İdarəsinin İstismar şöbəsinin rəisi İmran Məmmədov “Rayonda enerji təchizatının mövcud vəziyyəti, problemlər və həlli yolları”, Rayon Qaz İstismar Sahəsinin rəis müavini Ramil Ağayev “Rayonda qaz təsərrüfatının mövcud vəziyyəti, problemlər və həlli yolları”, Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi vəzifəsini müvəqqəti icra edən baş mühəndis Bayram Bayramov “Yaşayış binalarının payız-qış mövsümünə hazırlıq vəziyyəti” mövzularında çıxış etdilər.
Məruzələr ətrafında çıxışlar dinlənildikdən sonra müşavirəyə yekun vuran Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov 2013-2014-cü illər payız-qış mövsümünə hazırlıqla bağlı görülmüş işləri qənaətbəxş hesab etməklə yanaşı, müəyyən çatışmazlıqların mövcud olduğunu qeyd edərək, təcili surətdə aradan qaldırılması ilə əlaqədar müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verdi.