Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda 9 noyabr Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib

08 noyabr 2019 | 16:00

08 noyabr 2019-cu il tarixində Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 238 №-li tam orta məktəbdə 9 noyabr Dövlət Bayrağı Günü münasibətilə “Əbədi dalğalanan üçrəngli bayrağımız!” adlı tədbir keçirilib.

İlk öncə məktəbin foyesində Dövlət Bayrağı Gününə həsr olunmuş sərgiyə baxış keçirilib.

Dövlət bayrağı gətiriləndən və Dövlət himni səsləndirildikdən sonra Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov tədbiri açaraq bildirib ki, üçrəngli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilib. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Muxtar Respublikanın bayrağı kimi qəbul olunub. 1991-ci il fevralın 5-də isə üçrəngli bayraq Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq olunub. 2009-cu il noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi ilə bağlı Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən, noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü elan edilib.

Tədbirdə çıxış edən Nizami Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev qeyd edib ki, Dövlət Bayrağı Günü hər bir vətəndaş üçün qürurverici an, şərəfli tarix və əlamətdar hadisədir. Milliliyimizin və kimliyimizin simvolu sayılan, müstəqilliyimizin və azadlığımızın rəmzi olan üçrəngli bayrağımız hər birimizə doğma və əzizdir.

238 №-li tam orta məktəbin direktoru Xuraman Osmanova Dövlət Bayrağı Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib və xüsusi olaraq vurğulayıb ki, yeniyetmə-gənclərimizi vətənpərvərlik ruhunda tərbiyə etmək təhsil müəssisələrinin üzərinə düşən ən ümdə vəzifələrdən biri sayılır və bu mənada bugünkü tədbirimizin böyük maarifləndirici əhəmiyyəti vardır. X. Osmanova onu da bildirib ki, müstəqilliyimizin rəmzlərindən sayılan üçrəngli bayrağımıza rəğbət və hörmət etmək, onu qorumaq vətəndaşlıq borcumuzdur və bu borcumuzu ləyaqətlə yerinə yetirməliyik. Arzum budur ki, müqəddəs bayrağımız tezliklə işğal altında olan torpaqlarımızın ən uca zirvələrində dalğalansın.

Tədbirdə Dövlət Bayrağına həsr olunmuş video-çarx göstərilib, həmçinin məktəblilərin ifasında şeirlər, mahnılar səsləndirilib, “Bayraq mənliyimdir!...” adlı kompozisiya nümayiş olunub.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər