Nizami rayonunda növbəti maarifləndirmə tədbiri keçirilib
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun təşəbbüsü və Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”na müvafiq olaraq, narkomanlığın qarşısının alınması ilə bağlı təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi və davamlılığının təmin edilməsi məqsədilə 29 noyabr 2019-cu il tarixində 220 №-li məktəb-liseydə geniş ictimaiyyət nümayəndələrinin iştirakı ilə növbəti tədbir təşkil olunub.
Tədbiri Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon komissiyasının sədri Gülnaz İsrafilova açaraq 2019-cu ilin ötən dövrü ərzində narkomanlığa qarşı mübarizə sahəsində görülmüş işlər, keçirilmiş tədbirlər barədə tədbir iştirakçılarına məlumat verib. G.İsrafilova qeyd edib ki, yeniyetmə və gənclər arasında narkomaniyaya qarşı mübarizə üzrə təbliğat işlərinin aparılmasında ailənin və təhsil müəssisələrinin üzərinə böyük məsuliyyət düşür, məhz bu səbəbdən də maarifləndirmə tədbirlərinin intensivliyini daha da artırmaq, onun forma və metodlarını yeniləmək, xüsusilə də əyani və video vasitələrdən geniş istifadə etmək lazımdır. Bugünkü tədbirimizin də əsas məqsədi şagirdləri narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, onların belə vərdişlərdən uzaq durmaları, savadlı, vətənpərvər olmaları, sağlamlıqlarını qorumaları barədə maarifləndirməkdən ibarətdir.
Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Tanrıverdi Aydınov çıxışında bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniyanın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini, insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaratdığını, cinayətkarlığın artmasına səbəb olduğunu qeyd edib və narkomanlığa qarşı mübarizə sahəsində bütün aidiyyəti dövlət qurumlarının birgə fəaliyyət göstərmələrinin zəruri olmasını önə çəkib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Vasif Musayev çıxışında yeniyetmə-gəncləri zərərli vərdişlərdən uzaq durmağa, onları fiziki sağlamlıqlarını və mənəvi zənginliklərini artırmaq üçün məqsədyönlü fəaliyyətlə məşğul olmağa səsləyib.
Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev və 220 №-li məktəb-liseyin direktoru Lətifə Əzimova da çıxışlarında narkotiklərin insan orqanizminə vurduğu məhvedici təsirdən, narkomaniyanın doğurduğu faciələrdən danışaraq şagirdləri sağlam həyat tərzi keçirməyə çağırıblar.
Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılar arasında paylanılıb, eyni zamanda şagirdlərin səhnələşdirdiyi “Narkomaniyaya yox deyək!” adlı maarifləndirici tamaşa nümayiş olunub.