Nizami rayonunda 3 dekabr – Beynəlxalq Əlillər Günü qeyd edilib
02 dekabr 2019-cu il tarixində Nizami Rayon İcra Hakimiyyəti 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə “Biz-bizə” istirahət mərkəzində tədbir keçirib.
Tədbiri açan Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova ictimai həyatın bütün sahələrində əlillərin hüquqlarının qorunması və geniş ictimaiyyətin diqqətinin onların problemlərinə yönəldilməsi məqsədilə 1992-ci il dekabrın 14-də BMT Baş Assambleyası tərəfindən dekabrın 3-nün Beynəlxalq Əlillər Günü kimi qeyd edilməsi barədə qətnamə qəbul olunduğunu və hər il bütün dünyada, eyni zamanda ulu öndər Heydər Əliyevin müvafiq sərəncamına əsasən 1994-cü ildən Azərbaycanda da Beynəlxalq Əlillər Gününün qeyd edildiyini diqqətə çatdırıb. Əlillərin sosial müdafiəyə, mənəvi dəstəyə, humanist münasibətə ehtiyacı olduğunu söyləyən G.İsrafilova, əlillərin hüquqlarının qorunmasının ən ümdə məsələlərdən biri olduğunu qeyd edib və ölkəmizdə əlillərə dövlət qayğısının ildən-ilə artdığını, əlillərin sağlamlıqlarının bərpası, sosial rifahının yaxşılaşdırılması, mənzillə təminatı, peşə ixtisasına yiyələnməsi və tam hüquqlu üzv kimi cəmiyyətə inteqrasiya olunması üçün tədbirlər görüldüyünü bildirib.
“Azərbaycan Qızıl Aypara” Cəmiyyətinin Nizami rayon bölməsinin sədri Rəna İbrahimova əlillərin əhalinin başqa təbəqələri ilə müqayisədə daha çox sosial müdafiəyə, mənəvi dəstəyə, humanist münasibətə ehtiyacı olduqlarını qeyd edərək bildirib ki, əlil vətəndaşlara və xüsusilə də əlil uşaqlara diqqət və qayğı göstərmək hər bir vətəndaşın borcudur. Natiq eyni zamanda əlilliyi olan bütün insanların hüquqlarının qorunması və onların problemlərinin həlli istiqamətində dövlət tərəfindən bütün zəruri tədbirlərin görüldüyünü qeyd edib.
Tədbirdə çıxış edən Nəcibə Salmanova, Yarış Məmmədov və Sevda Səfərova əlillərə göstərilən diqqət və qayğıya görə, ölkə başçısı İlham Əliyevə, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tədbirdə 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri konsert proqramı ilə çıxış ediblər.
Tədbirin sonunda əlillərə ərzaq yardımı paylanılıb.