Nizami rayonunda “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində gənc könüllülərlə görüş keçirilib
05 dekabr 2019-cu il tarixində Nizami Rayon İcra Hakimiyyətində “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində gənc könüllülərlə görüş keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov ölkəmizdə könüllülük hərəkatının sürətlə inkişaf etdiyini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahəyə diqqət, qayğı və dəstək göstərdiyini, bunun nəticəsində könüllülük hərəkatının yüksək inkişaf səviyyəsinə çatdığını, gənclər üçün yeni fürsətlər yaratdığını söyləyib. A.Qasımov xüsusilə son illərdə Azərbaycanın yüksək səviyyədə ev sahibliyi etdiyi “Eurovision-2012” mahnı müsabiqəsi, 2015-ci ildə birinci Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, Formula 1 yarışları və digər mötəbər beynəlxalq tədbirlərin təşkilinə ümumilikdə on minlərlə könüllünün cəlb olunduğunu, bu tədbirlərin keçirilməsi nəticəsində Azərbaycanın beynəlxalq miqyasa çıxarılacaq böyük potensiala malik, eyni zamanda, təcrübəli könüllülərdən ibarət bazanın formalaşdığını diqqətə çatdırıb. A.Qasımov könüllülük fəaliyyətindən qazanılan təcrübənin ölkəmizə bu gün və gələcəkdə də böyük uğurlar gətirəcəyini vurğulamışdır.
Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova Könüllülük fəaliyyəti ilə əlaqədar görülən işlər barədə məlumat verərək İcra Hakimiyyətində 2019-cu ilin fevral ayında gənclərin Könüllülük fəaliyyətinə cəlb edilməsi işlərinə başlanıldığını və indiyədək 4 mərhələdən ibarət olmaqla bu işə 20 nəfər gəncin cəlb edildiyini, onlardan könüllülük fəaliyyətini başa vurmuş 11 nəfər gəncə Sertifikat verildiyini bildirib. Eyni zamanda, 01-09 dekabr 2019-cu il tarixlərində “Azərbaycan Könüllülük Həftəsi”nin keçirildiyini və 1985-ci ildən etibarən hər il 5 dekabr Beynəlxalq Könüllülər Günü kimi qeyd olunduğunu və bu münasibətlə könüllülərin iştirakı ilə tədbirlərin keçirildiyini söyləyib.
Görüşdə çıxış edən könüllülərdən Nərminə Həbullayeva və Səkinə Xankişiyeva Rayon İcra Hakimiyyətində könüllü kimi fəaliyyət göstərdikləri müddətdə qazandıqları təcrübədən, əldə etdikləri bilik və bacarıqlardan danışaraq, gənclər üçün belə bir şəraitin yaradılmasına görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.
Sonra Rayon İcra Hakimiyyətində könüllülərlə işin təşkilində, gənclərin potensialından daha səmərəli istifadə edilməsində və təcrübi biliklərin artırılmasında, onların yaradıcı və innovativ potensiallarının üzə çıxarılmasında göstərdikləri səmərəli fəaliyyətə görə Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri Sabir Abbasəliyevə və Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi, könüllülərlə işin koordinatoru Fəxriyyə Məmmədovaya Təşəkkürnamə, könüllü kimi işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərə isə xüsusi sertifikatlar təqdim edilib.
Sonda xatirə şəkli çəkdirilib.