Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı 20 Yanvar əlilləri və şəhid ailələri üzvləri ilə görüş keçirilib

17 yanvar 2020 | 16:00

17 yanvar 2020-ci il tarixində Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Biz-Bizə” istirahət mərkəzində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı 20 Yanvar əlilləri və şəhid ailələri üzvləri ilə görüş keçirilib.

Tədbirdə 20 Yanvar faciəsi zamanı və torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə şəhid olmuş igid Vətən övladlarının xatirəsi  bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Nizami Rayon İcra Hakimiyyəti başçısı Arif Qasımov 1990-cı ilin yanvar qırğınının böyük faciə olmasına baxmayaraq, Azərbaycan xalqının iradəsinin, milli azadlıq uğrunda mübarizə əzminin qırılmadığını bildirib və 20 Yanvar gününün xalqımızın yaddaşına qəhrəmanlıq tarixi kimi həkk olunduğunu vurğulayaraq, həmin dəhşətli gecədə həlak olan Vətən oğullarının Azərbaycan tarixinə parlaq səhifə yazdıqlarını diqqətə çatdırıb.

“20 Yanvar Cəmiyyəti” İctimai Birliyinin üzvləri, 20 Yanvar əlilləri Namiq Əhmədov və Esmira Quliyeva çıxış edərək bildiriblər ki, Qanlı Yanvardan artıq 30 il ötməsinə baxmayaraq, bu illər ərzində qədirbilən xalqımız tərəfindən şəhidlərimiz unudulmur, onların fədakarlıqları iftixarla xatırlanır, əziz xatirələri böyük ehtiramla yad edilir.

Tədbirdə 3 №-li Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin hazırladıqları “20 Yanvar – Qəhrəmanlıq salnaməmiz” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Sonda ehsan süfrəsi açılıb və Rayon İcra Hakimiyyəti tərəfindən 20 Yanvar əlilləri və şəhid ailələri üzvlərinə maddi yardım göstərilib.

Keçidlər