Nizami rayonunda “20 Yanvar – Müstəqilliyimizin şəhidlik zirvəsi” adlı tədbir keçirilib
18 yanvar 2020-ci il tarixində 129 №-li tam orta məktəbdə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş “20 Yanvar – Müstəqilliyimizin şəhidlik zirvəsi” adlı rayon tədbiri keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Nizami rayon filialının sədri Məhi Mehtiyev, Vətən Müharibəsi Veteranıarı İctimai Birliyinin Nizami rayon şöbəsinin sədri Rəcəb Baxşıyev, məktəb direktorları, müəllimlər, valideyinlər və şagirdlər iştirak ediblər.
İlk öncə 20 Yanvar faciəsi zamanı və torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra 129 №-li tam orta məktəbin direktoru Esmira Quliyeva çıxış edərək o qanlı yanvar gecəsinin dəhşətlərindən danışıb və eyni zamanda bu faciənin müstəqil Azərbaycanın tarixindəki önəmini qeyd edib.
Daha sonra, 20 Yanvar faciəsinə həsr olunmuş videoçarx izlənilib, məktəbin yuxarı sinif şagirdlərinin səhnələşdirdikləri “20 Yanvar – Müstəqilliyimizin şəhidlik zirvəsi” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Tədbirin sonunda çıxış edən Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova 1990-cı ilin yanvar hadisəsinin Azərbaycan xalqının tək faciəsi yox, həm də tarixinin ən şərəfli səhifələrindən biri, milli azadlıq hərəkatının yüksəliş zirvəsi olduğunu vurğulayıb, baş vermiş dəhşətli qırğının xalqı yumruq kimi birləşdirdiyini və bütün dünya azərbaycanlılarının gücünü ifadə etdiyini bildirib. Həmin gün öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan Vətən övladlarının canlarından keçərək şəhidlik zirvəsinə ucaldıqlarını söyləyən G.İsrafilova Vətənin azadlığı uğrunda özlərini qurban verən şəhidlərin xatirəsinin həmişə qəlbimizdə yaşayacağını vurğulayıb və şərəfli tariximizin gələcək nəsillərə çatdırılmasında müəllimlərin böyük əməyinin olduğunu qeyd edib.