Nizami rayonunda icbari tibbi sığorta ilə bağlı maarifləndirici tədbir keçirilib
11 fevral 2019-cu il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşəbbüsü və Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Əhalinin icbari tibbi sığorta üzrə məlumatlılığının artırılması” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirin keçirilməsində məqsəd əhalinin icbari tibbi sığorta sistemi, sistemin üstünlükləri, ölkə üzrə icbari tibbi sığortanın mərhələli tətbiqi barədə məlumatlandırılmasından ibarət olub.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, Agentliyin Departament rəhbəri Aynurə Əhmədova, məsləhətçi Elvin Abbasov və müxtəlif əhali qrupları iştirak ediblər.
Tədbirdə çıxış edən Gülnaz İsrafilova ölkə başçısı tərəfindən səhiyyə sistemində son illər aparılan uğurlu islahatların davamı kimi respublikada icbari tibbi sığortanın tətbiqinin səhiyyənin inkişafına töhfə verəcəyini vurğulayıb. Onun sözlərinə görə, icbari tibbi sığortanın məqsədi əhalinin səhiyyə xərcləri ilə bağlı maliyyə yükünü azaltmaq və bu sahədə yeni maliyyələşmə mexanizmini tətbiq etməkdir.
Agentliyin əməkdaşları Aynurə Əhmədova və Elvin Abbasov çıxış edərək icbari tibbi sığorta sisteminin mahiyyəti, sistemin mərhələli şəkildə tətbiqi, Xidmətlər zərfi çərçivəsində təminata alınan tibbi xidmətlər, əhali qrupları üzrə sığorta haqları, müştərək maliyyələşmə məbləği və tibbi ərazi bölmələri barədə məlumatlar veriblər.
Sonda iştirakçıları maraqlandıran suallar Agentliyin əməkdaşları tərəfindən cavablandırılıb.