Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 8-ci ili münasibətilə tədbir keçirilib

13 fevral 2020 | 16:00

13 fevral 2020-ci il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 8-ci ili münasibətilə SHXÇDX Bakı şəhəri Nizami rayon idarəsində tədbir keçirilib.

Tədbirdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon idarəsinin rəis müavini Hikmət Əliyev qurumun yaranması, inkişafı və fəaliyyəti barədə geniş məruzə ilə çıxış edib.

H.Əliyev Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2012-ci il tarixli 593 nömrəli Fərmanına əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi, onun müasir tələblərə uyğun qurulması məqsədilə  Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqları ləğv edildiyini və onların əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradıldığını qeyd edib.

SHXÇDX Bakı Şəhəri Nizami rayon idarəsinin 8 il ərzindəki fəaliyyətindən  söz açan H.Əliyev səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, hərbi xidmətə hazırlanması və müddətli həqiqi hərbi xidmətə çağırılmasının təşkili ilə əlaqədar görülmüş işlərdən, yeniyetmə və gənclərdə vətənpərvərlik hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyinin qorunması və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlanması ruhunda tərbiyə edilməsi istiqamətində keçirilən tədbirlərdən danışıb.

H.Əliyev SHXÇDX-nin Silahlı Qüvvələrlə cəmiyyət arasında bir növ körpü rolunu oynadığını və yarandığı gündən üzərinə düşən vəzifələri müvəffəqiyyətlə icra etməklə dövlətin və vətəndaşların xidmətində durduğunu vurğulayıb.

Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova çıxış edərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasından qısa müddət keçməsinə baxmayaraq, uğurlu nəticələr əldə olunduğunu, qurumun Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində inkişaf yolu keçdiyini və ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə töhfə verdiyini, ordumuzun gündən-günə daha da gücləndiyini söyləyib və Dövlət Xidmətinin yaradılmasının 8-ci ili münasibətilə şəxsi heyəti təbrik edib, onlara çətin və şərəfli işlərində uğurlar arzulayıb.

Tədbirdə çıxış edən Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Nizami rayon şöbəsinin sədri Məhi Mehtiyev və Nizami Rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Yəhya Ağayev də Xidmətin işçilərini təbrik edərək, xoş arzularını çatdırıblar.

Çıxışlardan sonra Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon İdarəsinin bir qrup əməkdaşına xidmətdə fərqləndiklərinə görə Fəxri fərmanlar təqdim olunub, Xidmətlə yaxından əməkdaşlıq etdiyinə görə bir qrup vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, veteranlar, MKİS rəisləri və əldə etdikləri uğurlara görə ümumtəhsil məktəblərinin gənclərin çağırışaqədərki hazırlıq fənni üzrə müəllimləri, “Şahin” hərbi-idman oyununda fərqlənən şagirdlər mükafatlandırılıblar.

 

Keçidlər