Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami rayonunda “Narkomaniyaya və dini ekstremizmə qarşı mübarizədə maarifləndirmə tədbirlərinin rolu” mövzusunda tədbir keçirilib

18 fevral 2020 | 16:00

Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhər şöbəsi və Nizami Rayon Polis İdarəsinin iştirakı ilə 18 fevral 2020-ci il tarixində 12 №-li tam orta məktəbdə  “Narkomaniyaya və dini ekstremizmə qarşı mübarizədə maarifləndirmə tədbirlərinin rolu” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Bəhman Hüseynov açaraq bildirib ki, maarifləndirmə tədbirləri narkomaniyaya və dini ekstremizmə qarşı mübarizədə böyük əhəmiyyətə malikdir. Rayon İcra Hakimiyyəti başçısı yanında Dini İşlər və Narkomanlığa qarşı mübarizə üzrə komissiyaların illik iş və tədbirlər planında yerlərdə, xüsusilə də tədris müəssisələrində maarifləndirmə tədbirlərinin keçirilməsinə xüsusi önəm verilib, bununla bağlı konkret olaraq görüləcək işlər müəyyənləşdirilib. Bugünkü tədbirimiz də maarifləndirmə xarakteri daşıyır, məqsədimiz yeniyetmə-gənclərə narkomaniyaya və dini ekstremizmə qarşı mübarizə sahəsində, eləcə də onların belə zərərli amillərdən uzaq durmaları yönümündə maarifləndirmə tövsiyələrimizi çatdırmaqdır.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhər şöbəsinin əməkdaşı Amal Məlikov çıxış edərək dini ekstremizm barədə iştirakçılara geniş məlumatlar verib və qeyd edib ki, yeniyetmə - gənclərin hüquqi maarifləndirilməsi dini radikalizm meyillərinin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır. Bu məqsədlə yerlərdə, xüsusilə də ümumtəhsil məktəblərində gənclərimizin radikal dini cərəyanların təsiri altına düşməməsi üçün mütəmadi olaraq maarifləndirici tədbirlərin keçirilməsi çox önəmlidir.

Nizami Rayon Polis İdarəsinin Veteranlar Şurasının sədr müavini Firdovsi Bayramov çıxışında insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına təkan verən bəşəriyyətin ən böyük bəlalarından sayılan narkomaniya barəsində geniş məlumatlar verib, gənclərə sağlam  həyat tərzinin mənəvi saflıq və fiziki sağlamlıq üçün yeganə yol olduğunu bildirib və hər bir yeniyetmə gənci bütün əqidəsi və iradəsi ilə narkomaniyaya yox deməyə çağırıb.

Tədbirdə 25-ci Polis Şöbəsinin əməkdaşı Günel Mirzəyeva və 12 №-li tam orta məktəbin direktor müavini Anar Mirzəyev çıxış edərək bildiriblər ki, narkomaniyaya və dini ekstremizmə qarşı mübarizə istiqamətində davamlı olaraq yerlərdə maarifləndirici tədbirlərə geniş yer verilməli və bu cür tədbirlərin intensivliyi artırılmalıdır.

Tədbirdə həmçinin şağirdlərin sualları cavablandırılıb, onları narahat edən bir sıra  məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, müvafiq izahatlar verilib.

Keçidlər