Nizami rayonunda “Narkomaniyaya və dini ekstremizmə yox deyək!” mövzusunda tədbir keçirilib
Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhər şöbəsi və Nizami Rayon Polis İdarəsinin iştirakı ilə 27 fevral 2020-ci il tarixində “Zəngi” liseyində “Narkomaniyaya və dini ekstremizmə yox deyək!” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Bəhman Hüseynov açaraq bildirib ki, narkomaniya və dini ekstremizm bu gün dünyanı ən çox narahat edən amillərdir. Məhz bu səbəbdən də gündəlik tədbirlərimizdə, keçirdiyimiz görüşlərdə yeniyetmə-gənclərə bu zərərli amillər barədə məlumatların verilməsi, onların maarifləndirilməsi ən aktual məsələlərdən sayılır. İştirakçılara narkomaniya və dini ekstremizm barədə bir sıra məlumatları çatdıran B.Hüseynov yerlərdə, xüsusilə də təlim-tərbiyə ocaqlarında maarifləndirmə tədbirlərinin keçirilməsinin əhəmiyyətini vurğulayıb və qeyd edib ki, belə tədbirlərin davamlı olaraq təşkil olunması çox vacibdir.
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhər şöbəsinin əməkdaşı Nuru İmanov çıxış edərək bildirib ki, dünyada radikal meyillərin – radikalizm və ekstremizmin yayıldığı bir dövrdə gənclərin onlardan qorunması üçün ardıcıl olaraq maarifləndirmə tədbirlərinin keçirilməsinin böyük əhəmiyyəti vardır. Çünki bu meyillərin təsirinə düşən hər bir insanın həyatı və yaşam tərzi faciədir, hamı çalışmalıdır ki, gənclər belə faciələrə düçar olmasınlar, xalqımıza layiq əsl vətəndaş kimi formalaşsınlar. Dini-radikalizm din və cihad pərdəsi altında təşkilatlanır və öz güclərini artırmaq məqsədilə tərəfdarlar toplamaqla təbliğat işlərini daha da intensivləşdirirlər. Dini-radikalizm eyni zamanda, islamı parçalamaq, islamın dünyəvi gücünə kölgə salmaq kimi aparılan məkrli siyasətin əsas mərkəzinə çevrilmişdir. Dünyada fəaliyyət göstərən antiislamçı qüvvələr məhz bu metodlardan geniş istifadə etməkdədirlər. Çox təəssüflər olsun ki, aparılan təbliğatın çıxılmaz burulğanına bəzi zəif iradəli və maddi mənafeyi üstün tutan gənclərimiz də düşürlər. Bizlərin isə əsas məqsədi bu neqativ halların qarşısının alınması üçün birgə fəaliyyət göstərmək, yeniyetmə-gənclərimizi sağlam həyat tərzi mühitində tərbiyə etməkdən ibarətdir.
Nizami Rayon Polis İdarəsinin Veteranlar Şurasının sədr müavini Firdovsi Bayramov və 25-ci Polis Şöbəsinin əməkdaşı Günay Qurbanova çıxışlarında yeniyetmə-gənclərə narkomaniya və dini ekstremizm meyillərindən uzaq durmaları ilə bağlı tövsiyələrini veriblər, sağlam həyat tərzinin alternativi olmadığını onların nəzərlərinə çatdırıblar.
Tədbirdə həmçinin şağirdlərin sualları cavablandırılıb, onları narahat edən bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, müvafiq izahatlar verilib.