Nizami rayonunda narkomanlığa qarşı mübarizə çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Nizami rayon komissiyası 2020-ci il iş planına uyğun olaraq Rayon Polis İdarəsi ilə birgə mart ayının 2-də 210 №-li tam orta məktəbdə yuxarı sinif şagirdlərinin, müəllim və valideynlərin iştirakı ilə növbəti maarifləndirici tədbir keçirib.
Tədbiri Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, komissiyanın məsul katibi Bəhman Hüseynov açaraq narkomaniya və onun ağır fəsadları haqqında geniş məlumat verib. B.Hüseynov qeyd edib ki, çox təəssüflər olsun ki, narkomanlıq gündən-günə cavanlaşır. Bu zərərli bəlaya düçar olanlar arasında gənclərin sayı artmaqdadır, ən acınacaqlısı odur ki, onların arasında qadınlar da vardır. Bütün bunlar yerlərdə yeniyetmə-gənclər arasında maarifləndirici tədbirlərin aparılmasının intensivliyinin daha da artırılmasını zəruri edir.
Nizami Rayon Polis İdarəsi Veteranlar Şurasının sədr müavini Firdovsi Bayramov çıxış edərək bildirib ki, zərərli vərdişlərə aludəçilik sonda insan şəxsiyyətinin həm mənəvi, həm də fiziki məhvinə gətirib çıxarır. Hər bir gənc əsil vətəndaş və cəmiyyətə gərəkli şəxsiyyət kimi formalaşması üçün yalnız sağlam həyat tərzini seçməlidir.
Nizami Rayon 24-cü Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Cövdət Məmmədov öz çıxışında əsas diqqəti asudə vaxtın səmərəli təşkilinin zəruriliyinə yönəldib və bu sahədə rayonda fəaliyyət göstərən məktəbdənkənar tərbiyə müəssisələri ilə əlaqələrin daha da möhkəmləndirilməsini önə çəkib.
Bakı şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin əməkdaşı Səidə Əhmədova bildirib ki, narkomanlığa qarşı mübarizədə, eləcə də sağlam həyat tərzinin təbliğində məktəb psixoloqlarının üzərilərinə böyük məsuliyyət düşür. Mərkəzimiz tərəfindən bu istiqamətdə davamlı olaraq tədbirlər keçirilir, həmçinin bir sıra təlimati sənədlər də hazırlanaraq məktəblərə paylanılmışdır.
Tədbirin sonunda 210 №-li tam orta məktəbin şagirdləri tərəfindən hazırlanmış “Sən şəxsiyyətsən – hədəf deyilsən” adlı səhnəcik nümayiş olunub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.