Nizami rayonunda dezinfeksiyaedici və profilaktik tədbirlər davam etdirilir
13 mart 2020-ci il tarixində Nizami Rayon İcra Hakimiyyətində koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması, görülən profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə xidmət sahələri və iri ticarət obyektlərinin rəhbərləri ilə görüş keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov koronavirusun ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin yanında operativ qərargah yaradıldığını və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq müvafiq profilaktik tədbirlərin görüldüyünü qeyd edib.
A.Qasımov virusun geniş yayılmasının qarşısının alınması məqsədilə rayon ərazisindəki bütün idarə və təşkilatlarda, təhsil, səhiyyə və məktəbəqədər müəssisələrdə, yaşayış binalarında tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirildiyini söyləyərək, adamların sıx toplaşdığı yerlərdə, qapalı məkanlarda dezinfeksiya işlərinin və profilakltik tədbirlərin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.
İclasda rayon ərazisində aparılan dezinfeksiya və profilaktik tədbirlərin icra vəziyyəti ilə əlaqədar məlumatlar dinlənilib.
Sonda A.Qasımov xidmət sahələri rəhbərlərinə rayonun sanitar təmizliyinə və məişət tullantılarının vaxtlı-vaxtında daşınmasına nəzarətin gücləndirilməsi, məişət tullantıları konteynerlərinin yenilənməsi, dezinfeksiya və profilaktiki işlərin davam etdirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib, eyni zamanda iri ticarət obyektlərinin rəhbərlərinə də müntəzəm olaraq obyektlərində dezinfeksiya və profilaktiki işlərin aparılmasını tövsiyə edib.