Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2013-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncağı keçirilmişdir.

23 yanvar 2014 | 16:00

22 yanvar 2014-cü il tarixində 201 №-li məktəbdə Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2013-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncağı keçirilmişdir.
Yığıncaqda millət vəkili Sədaqət Vəliyeva, Şura üzvləri, Keşlə sakinləri və bələdiyyənin üzvləri, xidmət sahələrinin rəhbərləri iştirak etmişlər.
Yığıncağı Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov açaraq, 2013-cü ildə Keşlə qəsəbəsində yol təsərrüfatı, elektrik enerjisi, qaz, su təchizatı və kanalizasiya xidməti üzrə layihələrin həyata keçirildiyini diqqətə çatdırdı. Sonra T.Budaqov 2013-cü ilin yekunları ilə bağlı qəsəbədə görülmüş işlər barədə ətraflı məlumat vermək üçün sözü Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qara Qarakişiyevə verdi.
Q.Qarakişiyev 2013-cü ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı məruzəsində qəsəbədə yaşayan əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində xeyli işlərin görüldüyünü bildirdi. “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində Keşlə qəsəbəsi üzrə 2013-cü il üçün nəzərdə tutulmuş bütün tədbirlərin vaxtında icra olunduğunu qeyd edərək, Keşlə qəsəbəsini qazla təchiz edən “Nizami-Keşlə” dövrələmə daşıyıcı qaz kəmərinin 8072 p/m hissəsinin tam dəyişdirildiyini, 7531 p/m  orta təzyiqli qaz kəməri çəkildiyini, 20470 p/m müxtəlif diametrli qaz xətlərinin həyətlərdən küçəyə çıxarıldığını,  30-cu sahə QPS-dən NZS qəsəbəsinə gedən “Nizami NZS” qaz kəmərinin yenidənqurulması işinin başa çatdırıldığını, 204 saylı 110/35/6 kV-luq yarımstansiyanın yenidənqurmadan sonra təhvil verildiyini, 204 saylı yarımstansiyadan Nizami yarımstansiyasına qədər 110 kV-luq 2000 m və M.Abbasov küçəsindən Babək prospektinə qədər 35 kV-luq 6800 m hava elektrik verilişi xətlərinin yeraltı kabel xətləri ilə əvəz edildiyini, 6-cı Köndələn küçəsi ilə 2-ci Uzununa küçəsinin və 4-cü Uzununa küçəsi ilə 9-cu Köndələn küçəsinin kəsişmələrində, Heydər Əliyev prospekti 115 ünvanında 2 saylı, II Uzununa və 6-cı Köndələn küçələrinin kəsişməsindəki 2025-2032-ci məhəllədə 3 saylı 35/6 kV-luq yeni yarımstansiyalarda tikinti işlərinin yekunlaşdığının, 6, 35 və 110 kV-luq avadanlıqlar quraşdırıldığını, M.Əliyev küçəsində 110 kV-luq 5400 m, 35 kV-luq 9600 m, M.Əliyev küçəsində yerləşən 204 saylı yarımstansiyadan II Uzununa və 6-cı Köndələn küçələrinin kəsişməsindəki 2025-2032-ci məhəllədə yeni tikilmiş 3 saylı yarımstansiyaya qədər 110 kV-luq 12000 m yeni kabel xətti çəkildiyini, 32200 metr uzunluğunda 10 kV-luq, 62410 metr uzunluğunda 0,4 kV-luq kabel xətləri dəyişdirildiyini, həmçinin qəsəbənin su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması üçün layihələndirmə işlərinin başa çatdırıldığını, Sabir küçəsində 862 p/m kanalizasiya və 720 p/m su xətti, həmçinin müxtəlif ünvanlarda da d=80 mm olan 670 p/m, d=100mm olan 2430 p/m, d=200 mm olan 591 p/m, d=150 mm olan 470p/m su xətti çəkildiyini diqqətə çatdırdı.
Sonra məruzə ətrafında Rayon Enerji Təchizatı və Satışı İdarəsinin İstismar şöbəsinin rəisi İmran Məmmədov, Rayon Sukanal İdarəsinin rəisi Rauf Abbaslı çıxış etdilər.
Hesabat yığıncağına yekun vuran Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının yekunlaşdığını və Keşlə qəsəbəsi üzrə bu proqramın icrası ilə bağlı işlərin uğurla həyata keçirildiyini nəzərə çatdırdı və qarşıda duran vəzifələrin vaxtında icra edilməsi ilə bağlı müvafiq tapşırıqlarını verdi.

Keçidlər