Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2013-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncağı keçirilmişdir

29 yanvar 2014 | 16:00

28 yanvar 2014-cü il tarixində 210 saylı tam orta məktəbdə Nizami Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2013-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncağı keçirilmişdir.
Yığıncağı Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova açaraq, 2012-ci ilin dekabr ayında Nizami Rayon İcra Hakimiyyəti başçısının 1, 2 və 3 nömrəli sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin yaradıldığını və Rayon İcra Hakimiyyətinin köməyi ilə Rüstəmov küçəsi, 2530-cu məhəllədə 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin  6 otaqdan ibarət, inzibati binasının inşa olunduğunu, mebel və digər texniki avadanlıqlarla təchiz edilərək yeni istifadəyə verildiyini bildirdi.
Sonra G.İsrafilova nümayəndəliyin 2013-cü ildə görülən işlər barədə məlumat vermək üçün sözü RİHB-nın 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Natiq Quliyevə verdi.
N.Quliyev məruzəsində “2011-2013-cü illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində 210 nömrəli tam orta məktəbin əsaslı təmir edildiyini, 220 nömrəli məktəb-liseydə 840 şagird yerlik yeni tədris korpusu inşa olunduğunu, “Qayğı” Uşaq Reabilitasiya və Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzlərinin və bir sıra yeni obyektlərin tikilib istifadəyə verildiyini bildirdi.
N.Quliyev xidmət təsərrüfatları tərəfindən görülmüş işlərdən söz açaraq, nümayəndəliyin əhatə etdiyi ərazidə müxtəlif ünvanlarda məhəllədaxili istilik xətlərinin çəkildiyini, aşağı paylama istilik xətlərində əsaslı təmir işləri görüldüyünü, E.Süleymanov küçəsi 133 saylı binanın qarşısında müasir tipli avadanlıqlarla təchiz olunmuş yeni 401 saylı qazanxananın tikilib istifadəyə verildiyini, yaşayış binalarında quraşdırılmış mexaniki qaz sayğaclarının smart-kart tipli elektron sayğaclarla əvəz edildiyini, yeni müxtəlif diametrli qaz xətlərinin çəkildiyini, Rüstəmov küçəsi, 2529-30 məhəllədə Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzi üçün və Nəsimi küçəsi, 2405-ci məhəllədə 5 mərtəbəli yaşayış binası üçün yeni transformator məntəqələrinin tikildiyini, Qapalı Paylayıcı Qurğu 7-dən “8-ci km” yarımstansiyasına qədər 10 kV-lıq iki  dövrəli hava xəttinin 800 metr hissəsi yeraltı kabel xətti ilə əvəz olunduğunu, müxtəlif ünvanlarda çılpaq hava xətlərinin müasir tipli “SİP” kabel xətləri ilə və daxili elektrik xətlərinin dəyişdirildiyini, binaların zirzəmilərindəki su borularının yenisi ilə əvəz edildiyini və  müxtəlif diametrli kanalizasiya xətlərinin tamamilə dəyişdirildiyini, istismar vaxtı bitmiş liftlərin yenisi ilə əvəz olunduğunu, 30 binada dam örtüklərinin təmir edildiyini, 22 binanın tüstü bacalarının təmizləndiyini, həyətlərdə asfaltlanma işlərinin aparıldığını nəzərə çatdırdı.
Sonra 220 saylı məktəb-liseyin direktoru Almaz Əsgərova Nizami rayonu Ağsaqqallar şurasının sədri Mayıl Əliyev, ərazi sakini Mərdan Şahiyev məruzə ətrafında çıxış etdilər.
Yığıncağa yekun vuran Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova qarşıda duran əsas vəzifələrə toxunaraq, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”ndan irəli gələn tapşırıqların tam və vaxtında icra edilməsi üçün müvafiq işlərin görülməsinin vacibliyini diqqətə çatdırdı.

Keçidlər