Nizami Rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2013-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncağı keçirilmişdir
29 yanvar 2014-cü il tarixində 70 saylı məktəb-liseydə Nizami Rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2013-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncağı keçirilmişdir.
Yığıncağı Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev açaraq, Nizami rayonu üzrə 2013-cü ilin sosial-iqtisadi göstəricilərindən, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icra vəziyyətindən və yeni "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrası ilə bağlı qarşıda duran vəzifələrdən söz açdı. Sonra İ.Mehdiyev RİHB-nın 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2013-cü ildə gördüyü işlər barədə məlumat vermək üçün sözü RİHB-nın 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əhməd Əhmədova verdi.
Ə.Əhmədov məlumat verərək, nümayəndəlik tərəfindən hesabat ilində yaşayış evləri və çoxmənzilli yaşayış binalarındakı mənzillər, habelə təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin siyahısının aparıldığını, 254 ev təsərrüfatının uçotu kitablarının yazıldığını bildirdi.
O, 2013-cü ildə 251 №-li tam orta məktəbin, 172 və 190 №-li körpələr evi uşaq bağçalarının əsaslı təmir olunduğunu və hər iki bağçanın açılışında Azərbaycan Respublikasının 1-ci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın iştirak etdiyini nəzərə çatdırdı. Hazırda 272 №-li tam orta məktəbdə, 175 və 125 №-li körpələr evi uşaq bağçalarında və 17 saylı uşaq poliklinikasında “2011-2013-cü illərdə Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən əsaslı təmir və yenidənqurma işlərinin aparıldığını və həmin dövlət proqramına uyğun olaraq 175 №-li uşaq bağçasında, həmçinin 6 qrup otaqlı əlavə korpusun tikintisinin də həyata keçirildiyini qeyd etdi.
Eyni zamanda Ə.Əhmədov xidmət təsərrüfatları tərəfindən nümayəndəliyin əhatə etdiyi ərazidə görülən işlər barədə məlumat verərək, qazanxanalarda yenidənqurma və təmir işlərinin aparıldığını, yaşayış binalarının müxtəlif diametrli magistral, məhəllədaxili və binaların aşağıpaylayıcı istilik xətlərinin dəyişdirildiyini, ümumilikdə nümayəndəliyin ərazisində 184 bina, bütün məktəb və peşə liseyləri, 5 bağça, 6 səhiyyə ocaqlarının istiliklə təmin olunduğunu, ərazidə yerləşən binalarda mexaniki qaz sayğacların Smart-Kart tipli elektron sayğaclarla əvəz edildiyini, bütün fərdi yaşayış evlərinin həyətlərindən keçən qaz xətlərinin küçəyə çıxarıldığını, yeni çəkilmiş qaz xətlərinin üzərində qaz tənzimləyici şkaflar quraşdırıldığını, həmçinin yararsız köhnə qaz tənzimləyici şkafların da müasir tipli şkaflarla əvəz edildiyini, ərazidə olan 51, 70 saylı transformator məntəqələrinin əsaslı təmir olunduğunu, binalarda yeni sayğacların quraşdırıldığını, yeraltı kabel xətlərinin yeni kabel xətti ilə əvəz edildiyini, ayrı-ayrı binalarda müxtəlif diametrli su borularının, kanalizasiya xətlərinin dəyişdirildiyini və sayğacların quraşdırıldığını, müxtəlif ünvanlarda liftlərin əsaslı təmir olunduğunu, istismar vaxtı bitmiş liftlərin isə yenisi ilə əvəz edildiyini, şüşəli ruberoidli dam örtüklərinin təmir olunduğunu, ümumi istifadə yerlərində pəncərələrin şüşələndiyini, tüstü bacalarının təmizləndiyini, bir sıra məhəllələrə asfalt örtüklərinin vurulduğunu və ərazidə abadlıq işlərinin aparıldığını nəzərə çatdırdı.
Sonra məruzə ətrafında 70 nömrəli məktəb-liseyin direktoru Nazim Qasımov, 25 saylı Nizami ikinci seçki dairəsinin sədri Heydər Vəliyev və “Azəristiliktəchizat” ASC-nin 16 saylı İstilik Sistemləri İstismar Sahəsinin rəisi Mustafa Əhmədov çıxış etdilər.
Sonda Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev yığıncağı yekunlaşdıraraq, ərazidə yaşayan sakinlərin qaldırdıqları problemlərin aradan qaldırılması ilə bağlı vaxtında lazımı tədbirlərin görülməsini vurğuladı, eyni zamanda qarşıda duran vəzifələrin tam yerinə yetirilməsi üçün səylə çalışmalı olduqlarını diqqətə çatdırdı.