Dövlətin sərt üzü və Prezident üçün prinsip məsələsi
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat və ardından yaydığı görüntülər cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Videodan aydın olur ki, Mədəniyyət Nazirliyinin yüksək çinli məmurları da həbs olunan icra başçılarından geri qalmırmış. Onlar da məsuliyyətə cəlb olunmuş icra başçıları kimi pul yığmaqla, dövlət büdcəsini talamaqla məşğul imişlər. Tutulanların evlərindən və iş otaqlarından çıxan pullar bunu deməyə əsas verir. Əlbəttə ki, bu pullar onların halal qazancı deyil, rüşvət və dövlət əmlakını talamaq yolu ilə əldə etdikləridir.
DTX-nın yaydığı rəsmi məlumatdan aydın olur ki, Mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, musiqi məktəblərinin, mədəniyyət evlərinin, kitabxanaların, rəsm məktəblərinin, qalereyaların, klubların, muzeylərin və sair mədəniyyət müəssisələrinin tikintisi, cari və əsaslı təmiri işlərinə görə ayrılan dövlət vəsaitlərinin bir hissəsini mənimsəyiblər. Həmçinin musiqi məktəblərinin direktorlarından hər ay müxtəlif məbləğlərdə pul vəsaiti toplanıb.
Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyatların yerli icra hakimiyyəti orqanları ilə yanaşı, mərkəzi icra hakimiyyəti orqanlarını da əhatə edəcəyi gözlənilən idi. Bunu Prezident İlham Əliyev Azərbaycan Respublikası Baş prokurorunu vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edərkən açıq şəkildə bəyan etmişdir. Dövlət başçısı korrupsiyaya qarşı barışmaz mövqeyini bir daha diqqətə çatdıraraq qeyd etmişdi ki, məsuliyyət tədbirləri cəmiyyətin əsaslarını sarsıdan, çirkin əməllərə yol verən bəzi mərkəzi icra hakimiyyəti orqanlarında da həyata keçiriləcək. Cənab Prezidentin bu bəyanatının nəticəsi özünü çox gözlətmədi. Mayın 8-də Dövlət Təhlükəsizlik Xidməti, zəngin mədəni irsimizin, teatr, kino, kitabxanaçılıq, muzey işi, xalçaçılıq və digər vacib sahələrin etibar edildiyi nazirlikdə xüsusi əməliyyat keçirdi...
Açıqlanan faktlardan görünür ki, Mədəniyyət Nazirliyində rüşvət yuvası fəaliyyət göstərib. Nazirliyin yüksək çinli məmurları dövlətin etimadından sui-istifadə edərək mədəniyyətimizə, incəsənətimizə deyil, öz şəxsi mənafelərinə xidmət edib, külli miqdarda varidat toplayıblar. Bu isə heç şübhəsiz ki, Dövlətin maraqlarına, Prezidentin iradəsinə, onun “xalqa xidmət edin” çağırışlarına zidd davranışlardır. Dövlət başçısı dəfələrlə xəbərdarlıq etmişdi ki, tutuduğu postdan öz şəxsi maraqları və qohum-əqrabasının hərtərəfli təminatı məqsədilə istifadə edən, dövlət vəsaitlərini mənimsəmək və rüşvət almaq yolu ilə özünə gözqamaşdırıcı səltənət quran səlahiyyət sahibləri ən sərt formada cəzalandırılacaq. “İşinizdə dönüş yaradın” dedi. “Xalqı incitməyin”, “Özünüzü ağa kimi aparmayın”, “Vəzifələrinizi layiqincə yerinə yetirin” kimi çağırışlar səsləndi. Bəziləri inanmadı ki, bir gün DÖVLƏT sərt üzünü göstərəcək, törətdikləri əməllərin hesabı sorulacaq, talanmış xalq malına görə sorğu-suala çəkiləcəklər. Budur, dövlət qapılarını kəsdirib! Kim bilir, hələ bundan sonra neçə vəzifə sahibinin başının üstündə qara maskalılar dayanacaq. Əlbəttə dayanacaq! “Gözü çıxmış qardaşından”, başqa sözlə, ifşa olunmuş həmkarlarının aqibətindən nəticə çıxarmayan vəzifəli şəxslərə qarşı bundan sonra da sərt tədbirlər görüləcək, hər kəs yol verdiyi qanun pozuntularına görə qanun qarşısında cavab verəcək.
Dövlət başçısının mayın 13-də Azər Qocayevi Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən dediklərinə diqqət edək: “Xoşagəlməz hallara, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə amansız olacaq. Mən bir neçə dəfə xəbərdarlıq etmişəm, açıq demişəm ki, əgər əyri yoldan düz yola dönməsəniz, sonunuz pis olacaq, cəza tədbirləri tətbiq ediləcək. Ancaq bəziləri hesab edirdi ki, bu, onlara aid deyil. Bəziləri hesab edirdi ki, onlar qanundan üstündür. Yaxud da hesab edirdilər ki, kimsə onlara kömək göstərəcək, onların havadarları, onlara uzun illər ərzində dəstək verən yüksəkvəzifəli şəxslər. Mən demişəm ki, bu, olmayacaq. Həyat da bunu göstərdi”.
Odur ki, kim SONUNUN PİS OLMASINI istəmirsə, bir həqiqəti qəbul etməlidir: Korrupsiya və rüşvətxoruğa qarşı mübarizə İlham Əliyev üçün prinsip məsələsidir. Onun söykəndiyi dəyərlər yalnız xalqa sevgi, vətəndaşa xidmət anlayışlarını ehtiva edir.