Şriftin ölçüsü :

Saytın rəngi :

8 Noyabr – Zəfər Günü münasibətilə məktəblilər arasında breyn-rinq intellektual oyunu keçirilib

30 oktyabr 2026 | 14:15

Nizami Rayon İcra Hakimiyyəti və 129 nömrəli tam orta ümumtəhsil məktəbinin dəstəyi, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Nizami rayonu üzrə gənclər və idman sektorunun  təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Günü münasibətilə məktəbliləri arasında "Qələbə Kuboku" adlı breyn-rinq intellektual oyununun rayon mərhələsi keçirilib.

Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə  Nizami Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Bəhman Hüseynov, Nizami rayonu üzrə gənclər və idman sektorunun müdiri Vasif İsayev və 129 nömrəli məktəbin direktoru Məhluqə Əzizova çıxış edərək tariximizin şanlı səhifəsinə qızıl hərflərlə əbədi həkk olunmuş Zəfər Günü barəsində geniş məlumatlar verib, tədbir iştirakçılarını Zəfər Bayramı münasibətilə təbrik edib, eyni zamanda  bilik yarışında iştirak edən komandalara uğurlar diləyiblər.

İntellektual oyunun rayon mərhələsində 10 təhsil müəssisəsinin komandaları (60 nəfər məktəbli) iştirak ediblər. Xüsusi qayda və müəyyən edilmiş reqlament əsasında keçirilən yarışın yekun nəticələrinə görə 238 nömrəli tam orta ümumtəhsil məktəbin komandası birinci, 250 nömrəli tam orta ümumtəhsil məktəbin komandası ikinci və 210 nömrəli tam orta ümumtəhsil məktəbin komandası isə üçüncü yerə layiq görülüblər. Yarışın qalibi 238 nömrəli tam orta ümumtəhsil məktəbinin komandası breyn-rinq intellektual oyununun Bakı şəhər mərhələsində Nizami rayonunu təmsil edəcəkdir.

Tədbirin sonunda qalib komandalara kubok, komanda üzvlərinə isə diplom, medal və hədiyyələr təqdim edilib.

Keçidlər