Nizami rayonunda koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə zəruri tədbirlər davam etdirilir
Əhalinin sağlamlığının qorunması, koronavirus infeksiyasının yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Nizami rayonunda təkrar profilaktik dezinfeksiya işləri aparılıb.
16 may 2020-ci il tarixində rayonun Heydər Əliyev və Babək prospektləri, M.Abbasov, M.Əliyev, Məhsəti, R.Teymurov, T.Abbasov, K.Balakişiyev, B.Nuriyev və R.Rüstəmov küçələri, həmçinin Keşlə qəsəbəsindəki M.Ə.Sabir, M.H.Kazımov, N.Abdullayev küçələri xüsusi texnika vasitəsilə dezinfeksiyaedici kimyəvi maddələrlə yuyulub. Eyni zamanda, rayon ərazisindəki parklar, məhəllədaxili yollar, inzibati binaların, ticarət obyektlərinin, metrostansiyaların çıxışlarının ətrafları, ödəniş terminalları və bankomatlar, yaşayış binalarının həyətləri, blokları, pılləkən qəfəsələri, lift kabinələri, məhəllələrdəki idman-əyləncə qurğuları, söhbətgahlar, məişət tullantıları konteynerləri və meydançaları zəruri avadanlıq və preparatlarla təchiz olunan işçi qruplar tərəfindən dezinfeksiya olunub.
Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq Nizami rayonunda sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması üçün zəruri tədbirlərin görülməsi davam etdirilir. Belə ki, xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq Rayon İcra Hakimiyyətində yaradılan mobil qruplar tərəfindən əhalinin sıx toplaşdığı ərazilərdə, məhəllələrdə fərdi izahetmə-xəbərdarlıq işləri aparılaraq, sakinlərə şəxsi gigiyena qaydalarına əməl etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, digər şəxslərlə minimum kontaktda olmaq tövsiyə edilir.
Qeyd edək ki, mobil qrupun üzvləri virusa yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə metrostansiyalarının və marketlərin ətrafında, dayanacaqlarda tibbi maskası olmayan sakinlərə maskalar paylayıblar.