Könüllülük hərəkatının verdiyi töhfələr və AKƏM-in çoxşaxəli fəaliyyəti
Azərbaycanda könüllülük hərəkatı ildən-ilə genişlənir və getdikcə həyatımızın bütün sahələrini əhatə edir. Son illər ölkəmiz dünyamiqyaslı nüfuzlu yarışlara, mötəbər beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edir. Bu nəticələrin göstərilməsində könüllülərin də rolu danılmazdır.
Könüllülük hərəkatı mənəvi-fiziki hazırlıq, dünya görüşünün artırılması, həmrəylik və sosial məsuliyyət hissi, eləcə də komandada işləmək və ünsiyyət yaratmaq bacarığı kimi vacib istiqamətlərdə gənclərimizin inkişafına hərtərəfli şərait yaradır. Bu gün Azərbaycanda incəsənət, mədəniyyət, ekoloji tarazlıq, vətənpərvərlik və digər sahələrdə minlərlə könüllü fəaliyyət göstərir. Ötən illərdə keçirilmiş Avroviziya mahnı müsabiqəsi, Birinci Avropa və IV İslam Həmrəyliyi Oyunlarında könüllülərin fəaliyyəti hamımızın yaddaşındadır. Formula 1 üzrə Azərbaycan Qran Prisində də könüllülər xüsusi fəallıqları ilə seçilirlər. Təsadüfi deyil ki, bu kimi nüfuzlu yarışlardan sonra Prezident İlham Əliyev könüllülərin fəaliyyətinə xüsusi diqqət yönəldərək, onların əməyini yüksək qiymətləndirir. “Azərbaycan könüllülərinin fəaliyyəti çoxşaxəlidir: Həm vətənpərvərlik, ekoloji tarazlıq mövzularında keçirilən tədbirlərdə, həm də incəsənət, mədəniyyət və digər sahələrdə könüllülər çox fəaldırlar. Eyni zamanda, ölkəmizin beynəlxalq əlaqələrinin möhkəmlənməsində də könüllülərin fəaliyyəti çox önəmlidir” deyə, dövlət başçısı öz çıxışlarında qeyd edir. Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin "Könüllülər ili" elan olunması da dövlətin könüllülər hərəkatına böyük əhəmiyyət verdiyini göstərir.
Künüllülərin fəaliyyətində xüsusi yer tutuam istiqamətlərdən biri də sosial sahədir. Yeni növ koronavirusun yayılmasının qarşısının alınması məqsədilə ölkədə aparılan mübarizə tədbirləri, maarifləndirmə işləri, ahıllara,tənha vətəndaşlara və aztəminatlı ailələrə, fiziki məhdudiyyəti olan insanlara dəstək xüsusunda könüllülərin göstərdiyi fəallıq bu gün aydın şəkildə müşahidə olunan reallıqlardandır. Könüllülərin fəaliyyətinin hazırda vahid mərkəzdən - Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzindən (AKƏM) idarə olunması və tənzimlənməsi isə prosesə əlavə sürət verir desək, yəqin ki, yanılmarıq. Tərəddüdsüz deyə bilərik ki, pandemiya dövrünün əsas ağırlıqları altına könüllülərin mütəşəkkil şəkildə çiyin verməsi, eləcə də nizamlı və sistemli fəaliyyət nümunələrinin yaradılmasında Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin rolu xüsusi çəkiyə malikdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq bu il aprelin 27-də yaradılmış və əsas məqsədinin yeni növ koronavirus infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata keçirilən tədbirlərin dəstəklənməsindən ibarət olan AKƏM-in sıralarında bu gün “ASAN Könüllüləri” Gənclər Təşkilatı, “Regional İnkişaf” İctimai Birliyi, “BİR Tələbə-Könüllü” Proqramı, “Könüllü DOST” Proqramı, “Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, “Nəqliyyat Könüllüləri” Proqramı, Bakı Şəhər Halqası Könüllüləri, “Miqrasiya Könüllüsü” İctimai Birliyi, “Könüllü gömrükçü” Dəstəsi, “Turizm Könüllüləri” İctimai Birliyi, “Diplomatiya Könüllüləri” Qrupu, “Ekokönüllüləri” Qrupu, “Azərbaycan Diaspor Könüllüləri” Proqramı, “SƏLİS Könüllüləri” İctimai Birliyi, “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyi, “AFFA və Avro-2020” Könüllülər Proqramı və “Gənc Könüllülər” Hərəkatı Mərkəzi və digər təşkilat və hərəkatlar birləşir. Mərkəzin işinin əlaqələndirilməsi isə Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən həyata keçirilir.
Ötən aylar arzində biz AKƏM-in çoxşaxəli fəaliyyətini müşahidə etdik. Mərkəzin təşkilatçılığı ilə könüllülər:
- Tənha və ahıl vətəndaşlara, aztəminatlı ailələrə baş çəkib onların zəruri ehtiyaclarının qarşılanmasına köməklik göstərmişlər;
- Koronavirus infeksiyası ilə əlaqədar olaraq qan qıtlığının təcili qana ehtiyacı olan şəxslərin həyatı üçün yaratdığı təhlükənin aradan qaldırılmasına fəal töhfə vermişlər;
- “Böyüklərimizi qoruyaq!” devizi altında Bakıda və regionlarda keçirilən aksiyalar çərçivəsində tənha və ahıl vətəndaşlara, fiziki məhdudiyyəti olan insanlara, eləcə də aztəminatl ailələrə müxtəlif ərzaq və gündəlik tələbat məhsullarından ibarət bağlamaların çatdırılmasında köməklik göstərmişlər.
Məlumat üçün qeyd edək ki, AKƏM ümumilikdə, ölkəmizin 28 şəhər və rayonunda minə yaxın könüllünü prosesə cəlb etmiş, əhalinin sosial cəhətdən həssas kateqoriyasına aid 6254 ailəyə dəstək göstərilmişdir.
8 aprel tarixində başlayan “Könüllü Qonşu” aksiyası da Mərkəzin fəaliyyətində əsas xətlərdən birini təşkil edib. Bu aksiya çərçivəsində könüllülər:
- 44 şəhər və rayonda məhəllə və binaların girişində xüsusi elanlar vasitəsilə əlaqə nömrələri paylamaq yolu ilə ehtiyacı olan şəxslər barədə məlumat toplamışlar;
- Bu nömrələrə daxil olan zənglər əsasında vətəndaşların öz vəsaiti hesabına gündəlik ərzaq məhsullarının, dərman vasitələrinin alınmasına və kommunal ödənişlərinin həyata keçirilməsinə köməklik göstərmişlər.
Yuxarıda qeyd etdiyimiz kimi, AKƏM çərçivəsində digər bir layihə talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən, təcili qana ehtiyacı olan şəxslərin həyatı üçün yaranan təhlükənin aradan qaldırılmasında könüllülərin iştirakı ilə bağlı olub. Mərkəz Milli Hematologiya və Transfuziologiya Mərkəzi – Qan Bankı ilə birlikdə “Könüllü Donor” aksiyası təşkil edərək paytaxtda və regionlarda keçirilmiş qanvermə aksiyalarında könüllülərin fəal iştirakını təmin edib.
Könüllülük fəaliyyətinə böyük həvəslə qoşulan gənclərimizin pandemiya dövründə gördüyü işlər bununla yekinlaşmır. Onlar bu gün də xalqa xidmət edir, dövlətimizin həyata keçirdiyi tədbirlərə ən müxtəlif formalarda dəstək verirlər. Könüllülər əhali arasında pandemiya ilə bağlı maarifləndirmə işləri aparır, küçədə maskasız gəzən şəxslərə tibbi maskalar paylayır, günümüzün qəhrəmanları olan polis və tibb işçilərinə təşəkkür mesajlarının çatdırılmasında həvəslə iştirak edirlər.
Azərbaycan xalqı da Sizə təşəkkür edir, əziz gənclərimiz. Sizin könüllü olaraq xalq üçün, dövlət üçün göstərdiyiniz xidmət misilsizdir, qiymətsizdir.