Prezidentin qəti mövqeyi və dünyaya ünvanlanmış mesaj – GÜZƏŞT OLMAYACAQ!
Prezident İlham Əliyev Tərtər Olimpiya İdman Kompleksinin açılışında həm işğalçı Ermənistan, həm ikili standart yürüdən Avropa Şurası, həm də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ciddi mesajlar verdi.
Ölkə başçısı çıxışı zamanı Ermənistanı terror dövləti adlandırdı və Dağlıq Qarabağda keçirilən “seçkilərin” növbəti şou olduğunu vurğuladı.
Prezident bildirdi ki, işğal olunmuş ərazilərimizi xunta rejimi idarə edir.
Prezidentdən sitat: “İndi Dağlıq Qarabağda da xunta rejimi hökm sürür. Əlbəttə, xunta rejimi tərəfindən keçirilmiş saxta seçkilər bir şoudur, bir təlxəklər tamaşasıdır. Bütün aparıcı ölkələr bu dırnaqarası “seçkiləri” qınayıb və tanımayıb. Baxın, özü də bəyanatlar qəbul ediblər. ATƏT-in Minsk qrupunun həmsədrləri – Amerika, Fransa, Rusiya bəyan ediblər ki, seçkiləri tanımırlar. Avropa İttifaqı bəyan edib ki, seçkiləri tanımır”.
Heç bir ölkənin və beynəlxalq təşkilatların Dağlıq Qarabağdakı “seçki” şousunu tanımadığını deyən Prezident qeyd etdi ki, Avropa Parlamenti, həmçinin İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı kimi nüfuzlu təşkilatlar bu halı qınayıb. Yalnız Avropa Şurasının saxta seçkilərə biganə qaldığını deyən dövlət başçısı, bu qurumun Azərbaycana qarşı ikili standart sərgilədiyinə diqqət yönəldib.
Əlbəttə ki, Azərbaycan cəmiyyəti dəfələrlə Avropa Şurasının anti-Azərbaycan mövqeyinin şahidi olub. Daxilimizdəki “beşinci kalon” isə siyasi uğurlarımızı həzm etməyən Avropa Şurasının çaldığı havaya oynayıb, Azərbaycana qarşı həyata keçirilən qarayaxma kampaniyasında fəal iştirak edib.
Təbii ki, vaxtaşırı nümayiş etdirilən anti-Azərbaycan mövqeyə ölkə rəhbərliyi tərəfindən sərt reaksiyalar verilib. Dağlıq Qarabağdakı “seçki” şousu ilə də bağlı sərt mövqe nümayiş etdirildi və Avropa Şurasının Azərbaycana qarşı yürütdüyü riyakar siyasət bu dəfə də tənqid olundu.
Prezidentdən sitat: Avropa Parlamenti, həmçinin İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, digər təşkilatlar - bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri qınadı, təkcə Avropa Şurasından başqa. Avropa Şurası susdu. O da nəyə görə? Bəllidir. Çünki Avropa Şurası Parlament Assambleyasının əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda “beşinci kolonu”, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir. Ona görə Avropa Şurası bu saxta seçkilərlə bağlı səsini belə çıxarmadı. Bu halda hansı obyektivlikdən, hansı ədalətdən söhbət gedə bilər!”
Prezident Tərtərdəki çıxışında aprel döyüşləri zamanı Ermənistana layiqli cavab verildiyini və bir çox ərazilərin Azərbaycanın nəzarətinə keçdiyini də vurğuladı.
Prezidentdən sitat: “Biz iqtisadi sahədə, hərbi sahədə Ermənistandan qat-qat güclüyük və bunu göstərmişik, o cümlədən döyüş meydanında. Onlar bizə hücum etdi, biz cavab verib onları yerinə oturtduq. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini azad etdik”.
Ölkə başçısı çıxışı zamanı Ermənistanın terror dövləti olduğunu, faşistlərə abidə qoyduğunu da önə çəkdi.
Prezidentdən sitat: “Sirr deyil ki, Ermənistan terror dövlətidir və bunu bu dövlət dəfələrlə göstərib, hətta öz rəhbərlərinə qarşı terror törədiblər. İyirmi il bundan əvvəl Ermənistan rəhbərliyinin bir çox üzvü bu ölkənin parlamentində qətlə yetirildi və o cinayətin üstü açılmayıb. Halbuki hər kəs bilir ki, o cinayətin sifarişçiləri kimdir. Ancaq onu ört-basdır edirlər. Çünki onların terrorçu mahiyyəti bu gün də yaşayır. Kiminsə suyunu kəsmək cinayətdir. Bu, faşizmin təzahürüdür və təsadüfi deyil ki, Ermənistanda faşistlərə abidələr ucaldılır”.
Məlumdur ki, Azərbaycan dövləti əsrlərdir erməni terrorundan əziyyət çəkir. Ermənistanın Aprel döyüşləri zamanı törətdiyi vəhşilikləri xatırlatmaq kifayətdir ki, ermənilərin faşist xisləti gün üzünə çıxsın.
Ölkə başçısı da çıxışı zamanı Ermənistanın Aprel döyüşləri zamanı törətdiyi vəhşiliklərə xüsusi diqqət çəkdi.
Prezidentdən sitat: “Bizim kəndlərimizi bombaladılar, bax, burada Tərtərdə. Mən Aprel döyüşlərindən sonra gəlib o bombaları, o mərmiləri görmüşdüm, evlərə getmişdim. Tərtər şəhərini, Tərtərin, Ağdamın kəndlərini bombalayıblar. Bu, faşizm deyil, nədir? Dinc əhaliyə qarşı müharibə aparıla bilməz. Onların bizim ordumuza gücü çatmayıb, öz mövqelərini qoyub qaçmışdılar və nə etdilər? Dinc əhaliyə qarşı güc tətbiq etdilər”.
Hər kəsə məlumdur ki, 2018-ci ilə qədər Ermənistanı cinayətkar qruplaşma idarə edirdi. Bu qruplaşmanın rəhbərləri əli minlərlə azərbaycanlının qanına batmış Serj Sarkisyan və müdafiə naziri Seyran Ohanyan idi. Əlbəttə ki, bir gün onlar buna görə cavab verməli idilər. Aprel döyüşləri Sarkisyan-Ohanyan cütlüyünün sonunu gətirdi və onlar xalq qarşısında etdikləri cinayətlərə görə cavab verməli oldular, hakimiyyətlərini itirdilər.
2016-cı ilin aprelində rəsmi İrəvanın təxribatlarına cavab vermək üçün Azərbaycan tərəfindən başlanılan hərbi əməliyyat Ermənistanda ciddi hərbi-siyasi böhranın başlanğıcını qoydu. Ağır məğlubiyyətə uğrayan Ermənistan ordusunun “məğlubedilməzlik” mifi dağıdıldı. Rəsmi İrəvan xalqın qəzəbindən yayınmaq üçün Aprel döyüşlərinə rəhbərlik edən bir çox generalları işdən çıxardı və həbs etdi. Amma bu həbs dalğası da Serj Sarkisyan rejimini xilas etmədi. Azərbaycanın Ermənistanı uzun illər blokada vəziyyətində saxlaması, rəsmi İrəvanın bütün enerji layihələrindən kənarda qalması fonunda yaşanan ağır sosial-iqtisadi durumla bərabər, qeyri-demokratik idarəçilik və Aprel döyüşlərindəki məğlubiyyət düşmən ölkədə hakimiyyət dəyişikliyini labüd etdi. Nəticədə 2018-ci ilin aprel ayında Ermənistanda inqilab baş verdi və parlamentin deputatı Nikol Paşinyan hakimiyyətə gəldi.
Paşinyanın Ermənistanda baş nazir seçilməsi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni mərhələnin başlayacağına ümidləri artırsa da, heç də hər şey düşünüldüyü kimi olmadı. Nikol Paşinyan da beynəlxalq hüququ, insan haqlarını və ərazi bütövlüyü prinsiplərini heçə sayaraq, Qarabağla bağlı sərsəm bəyanatlar verdi. Küçədən hakimiyyətə gələn Nikol Paşinyanın belə qeyri-peşəkar bəyanatları ona baha başa gəldi.
Azərbaycan ordusunun 2018-ci ildə Naxçıvanda keçirdiyi hərbi əməliyyatlar nəticəsində minlərlə hektar ərazi nəzarətimiz altına keçdi. Bu əməliyyatlar min bir vədlə hakimiyyətə gələn Nikol Paşinyan hakimiyyətində və Ermənistan cəmiyyətində şok effekti yaratdı.
Prezidentdən sitat: “Aprel döyüşləri mənfur qonşumuza dərs olmalı idi. Ondan sonra 2018-ci ildə Naxçıvan əməliyyatı. Orada da minlərlə hektar torpaq bizim nəzarətimizə keçdi. İşğal olunmuş torpaqları azad etdik. Azərbaycan Ordusu gücünü göstərdi. Bizim gücümüzün mənbəyi Azərbaycan xalqıdır. Ermənistan ordusunun mənbəyi xarici ianələrdir və bunu açıq etiraf edirlər ki, xarici dəstək olmadan bu ölkə batacaq, bu ölkənin gələcəyi yoxdur”.
Prezident Dağlıq Qarabağ münaqişəsi barədə danışarkən qəti mövqe nümayiş etdirdi və bir daha vurğuladı ki, münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər.
Prezidentdən sitat: “Münaqişəyə gəldikdə, bunun həllinin bir yolu var, o da ölkəmizin ərazi bütövlüyünün bərpasıdır. Başqa yol yoxdur. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Mən bu yaxınlarda demişəm, biz güc toplayırıq, daha da güclü olmalıyıq və olacağıq. Eyni zamanda, geosiyasi vəziyyət elə olmalıdır ki, bizim bütün addımlarımız uğurla nəticələnsin. Mən demişəm ki, Qarabağ Azərbaycandır və bir daha bunu təkrarlamaq istəyirəm: Qarabağ və onun tərkib hissəsi olan Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi. Bütün Azərbaycan ictimaiyyəti, xalqımız bu mövqeyi dəstəkləyir. Mənim apardığım siyasəti, o cümlədən bu məsələ ilə bağlı apardığım siyasəti dəstəkləyir”.
Prezident çıxışında Azərbaycan Demokratik Respublikasının İrəvanı Ermənistana verməsi barədə də danışdı.
O bildirdi ki, bu qərarı heç nə ilə əsaslandırmaq olmaz.
Prezidentdən sitat: “Dağlıq Qarabağ münaqişəsi. Yenə də torpaq iddiası. Əl çəkdimi? Kim əsaslandıra bilər ki, azərbaycanlıların tikdikləri İrəvan - qədim şəhərimiz Ermənistana verilsin. Kim bunu əsaslandıra bilər? Hansı adam? Qoy dursun, desin, mən hesab edirəm ki, Azərbaycan Demokratik Respublikası düz edib, bu işi görüb. Qoy desin. Ona görə bilirsiniz mifologiyaya düçar olmaq ən axırıncı şeydir. Siz gənclər, bütün gənclər tarixi olduğu kimi bilməlisiniz. Onu da bildirməliyəm. Bu hadisə 1918-ci ildə baş verib. Ancaq ilk dəfə bu tarixi faktla bağlı məsələni mən qaldırdım. Mənə qədər heç kim bunu qaldırmayıb. Bizim tarixi kitablarımızda buna rast gəlmək bəlkə nadir hallarda mümkündür. Sanki belə bir fakt olmayıb. Mən bunu qaldırdım. Müxtəlif kürsülərdən, o cümlədən xaricdə olarkən qaldırdım və dedim ki, bu, bizim şəhərimizdir, bizim torpağımızdır. Hər kəs tarixini bilməlidir”.
Bu, Prezident İlham Əliyevin mükəmməl tarixi biliklərə sahib olması ilə yanaşı, Azərbaycanın hər bir qarış torpağının onun üçün nə qədər əziz olduğunun göstəricisidir. Dövlət başçısının çıxışı əslində gənclərə ünvanlanan çağırışdır. Bu, həm də ona əminlik yaradır ki, bir əsr əvvəl buraxılmış səhvlər təkrarlanmayacaq və Azərbaycan gec-tez öz torpaqlarına sahib çıxacaq. Bunun üçün bizim həm hərbi, həm iqtisadi, həm də siyasi potensialımız var!