Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkə əhalisinin sağlamlığı və təhlükəsizliyi cənab Prezidentin diqqətindədir

11 iyun 2020 | 16:00

Tarixə nəzər salsaq görərik ki, çox nadir hallarda hökmdarlar və imperatorlar xalqın sevimlisinə çevrilmişlər. Kimi istedadı, kimi vətənpərvərliyi, kimi də xalqına olan dərin məhəbbəti və sevgisi ilə tarixin yaddaşına həkk ola bilmişdir.

Məhz belə liderlərdən biri də Ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevdir. Azərbaycan Respublikasının Prezidenti istər yerli, istərsə də mötəbər beynəlxalq tədbirlərin kürsüsündən Azərbaycan vətəndaşının sağlamlığının, rifahının və təhlükəsizliyinin onun üçün ən ümdə vəzifə olduğunu həmişə bəyan etmişdir.

2019-cu ilin dekabrından Çində başlamış və hal-hazırda dünyanı cənginə almış koronavirus pandemiyası (COVİD-19) dünyanın inkişaf etmiş ölkələrinin bu hadisə qarşısında acizliyini göstərdi. Amerika və Avropanın qabaqcıl elm və tibb mərkəzləri bu pandemiya qarşısında çarəsiz qaldı. Bütün qabaqlayıcı tədbirlərə baxmayaraq, xəstəliyin miqyası genişlənməkdədir. Dünyada 7 milyondan çox insan bu xəstəliyin daşıyıcısına, 420 minə yaxın insan isə bu virusun qurbanına çevrilmişdir.

Təəssüflər olsun ki, bu xəstəlik ölkəmizə də ayaq açmışdır. Ancaq ilk gündən cənab Prezidentin sərgilədiyi operativ və qabaqlayıcı tədbirlər ölkəmizi bu sınaqdan da üzü ağ çıxarmaqdadır. İlk olaraq Prezidentin təşəbbüsü ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı və Prezidentin ehtiyat fondundan bu fonda 20 milyon manat vəsait ayrıldı. Dövlət başçısının çağırışına ölkəmizdən və dünyada yaşayan azərbaycanlılardan dəstək gəldi. Adi vətəndaşından tutmuş məmuruna, sahibkarına qədər Prezidentin bu təşəbbüsünə hər kəs qoşuldu. Bu gün fondun hesabında 113 milyon manatdan çox vəsait toplanmışdır. Bu çətin günlərdə Prezidentin çağırışına xalqımızın haray verməsi XALQ-PREZİDENT və PREZİDENT-XALQ birliyinin bariz nümunəsidir.

Bu gün ölkəmizin müxtəlif bölgələrində bir-birindən gözəl, müasir və mükəmməl maddi-texniki bazaya malik tibb müəssisələri tikilib istifadəyə verilməkdədir. Bunlardan biri də 09 iyun 2020-ci il tarixində Bakı, Sumqayıt və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan üç modul tipli xəstəxananın açılmasıdır. Cənab Prezident xəstəxananın açılış tədbirində bildirmişdir: “Bu gün çox əlamətdar bir gündür. Ölkəmizdə modul tipli üç xəstəxana açılır. Bu xəstəxanalarda koronavirus xəstələri müalicə olunacaq və beləliklə, koronavirusla bağlı mübarizədə növbəti önəmli addım atılır. Bütün vətəndaşları bir daha böyük məsuliyyətə və nizam-intizama çağırıram. Azərbaycan vətəndaşları koronavirus pandemiyası ilə bağlı bizim bütün addımlarımızı dəstəkləyirlər. Halbuki aydın məsələdir ki, pandemiya insanların normal həyat tərzinə təsir edib, mənfi təsir edib. İnsanlar öyrəşdikləri həyat tərzindən müəyyən dərəcədə uzaqlaşıblar. Məhdudiyyətlər var, eyni zamanda, artıq yeni məhdudiyyətlər də ortaya qoyulur. Ancaq Azərbaycan vətəndaşları bilirlər ki, bu məhdudiyyətlərin əsas səbəbi insanları qorumaqdır”.

Yuxarıda qeyd edildiyi kimi, yenə eyni hədəf, eyni mövqe. Azərbaycan xalqının sağlamlığı və təhlükəsizliyi cənab Prezident üçün prioritetdir!

Prezidentdən sitat: “Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır. Bir çox ölkələrdə xəstəliyi simptomsuz keçirənlər, xəstəliyə düçar olmuş insanlar ev şəraitində müalicə alırlar, onları heç xəstəxanalara da qəbul etmirlər. Əlbəttə ki, bu, onların sağlamlığına təhlükə yaradır. Azərbaycanda koronavirusdan ölənlərin sayının az olmasının səbəblərindən biri də məhz odur ki, yoluxmuş bütün xəstələr tibbi müəssisələrə qəbul edilir və onlara lazımi xidmət göstərilir”.

Xaricdə yaşayan azərbaycanlılarla bağlı Prezidentin səsləndirdiyi fikirlər bir daha təsdiq etdi ki, o, hər bir azərbaycanlının Prezidentidir.

Prezidentdən sitat: “Xaricdə qalan vətəndaşlarımız da hər zaman diqqətimizdədir və onların ölkəyə gəlməsi üçün bütün mümkün vasitələrdən istifadə edilir. Yəni, bütün şərait yaradılıb ki, Azərbaycan vətəndaşları dövlət tərəfindən qayğı ilə, diqqətlə əhatə olunsun. Hesab edirəm ki, bu günə qədər görülmüş işlər və işlərin nəticələri məhz bu siyasətin təzahürünü əks etdirir. Təsadüfi deyil ki, beynəlxalq aləmdə Azərbaycanın koronavirusla bağlı mübarizə metodları təqdirlə qarşılanır. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı bu sahədə nümunəvi ölkə adlandırıb, özü də bir neçə dəfə. Eyni zamanda, biz Ümumdünya Səhiyyə Təşkilatı xətti ilə əlavə 15 ölkəyə humanitar yardım göstəririk”.

Artıq ölkə əhalisində inam və əminlik yaranıb ki, cənab Prezidentin istək və niyyəti insanları bu xəstəlikdən qorumaq, onların həyatını xilas etməkdir!

Keçidlər