“Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirləri və bu sahədə qarşıda duran vəzifələr” mövzusunda onlayn konfrans keçirilib
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli göstərişinə əsasən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı və aidiyyəti nazirliklərin, komitə və idarələrin məsul şəxslərinin, habelə Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə şəhər və rayon komissiyalarının sədrlərinin iştirakı ilə 30.06.2020-ci tarixdə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirləri və bu sahədə qarşıda duran vəzifələr” mövzusunda onlayn konfrans keçirilib.
Onlayn konfransı İşçi Qrupu rəhbərinin müavini Tanrıverdi Aydınov açaraq məruzə ilə çıxış edib, görülmüş işlər, qarşıda duran vəzifələr barədə məlumat verib.
Onlayn konfransda Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Nizami Rayon Komissiyasının sədri, Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova çıxış edərək bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli, 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın, habelə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2020-ci ilə dair İş Planının bəndlərinin icrası ilə bağlı Nizami Rayon Komissiyası tərəfindən cari ildə bir sıra işlər həyata keçirilmiş, 2020-ci il üçün iş planı təsdiq edilmiş, aidiyyəti idarə və təşkilatlara müvafiq tapşırıqlar verilmiş, yerlərdə, xüsusilə də tədris müəssisələrində maarifləndirmə tədbirlərinin keçirilməsinin intensivliyi daha da artırılmışdır.
Çıxışda qeyd olunub ki, göstərilən müddət ərzində Rayon Polis İdarəsi ilə birgə yuxarı sinif şagirdlərinin, müəllim və valideynlərin iştirakı ilə 18 fevral 2020-ci il tarixində 12 №-li tam orta məktəbdə “Narkomaniyaya və dini ekstremizmə qarşı mübarizədə maarifləndirmə tədbirlərinin rolu” mövzusunda, 27 fevral 2020-ci il tarixində “Zəngi” liseyində “Narkomaniyaya və dini ekstremizmə yox deyək!” mövzusunda, mart ayının 2-də isə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzi ilə birgə 210 №-li tam orta məktəbdə maarifləndirici tədbirlər keçirilmişdir.
G.İsrafilova xüsusi olaraq diqqətə çatdırıb ki, Narkomanlıqla əlaqədar hüquqpozmalara meyilli olan yetkinlik yaşına çatmayanlarla bağlı məqsədəmüvafiq tədbirlər həyata keçirilmiş, bu sahədə yerli bələdiyyə, polis orqanları, təhsil müəssisələri, əmək kollektivləri ilə əlaqələr genişləndirilmiş, birgə fəaliyyət planı tərtib edilmiş, məktəblərdə çətin tərbiyə olunan və dərsdən yayınan uşaqların qeydiyyatı aparılmış, Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya tərəfindən uşaq sahə inspektorları cəlb edilməklə bu kateqoriyadan olan uşaqlarla həm fərdi qaydada, həm də valideynlərin iştirakı ilə profilaktik söhbətlər aparılmış, həmin uşaqlara müəllimlər təhkim olunmuşdur.
Göstərilən müddətdə rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası və yabanı halda becərilməsi faktı müəyyən edilməmişdir. Bununla belə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində, həmçinin “Xaş-Xaş 2020” şərti ad altında qabaqlayıcı kompleks əməliyyat tədbirləri çərçivəsində Rayon Polis İdarəsi tərəfindən bir sıra işlər həyata keçirilmiş, rayon ərazisində narkotik vasitələrlə bağlı törədilən cinayət hadisələrinin qarşısının alınması, aşkar edilib açılması istiqamətində əməli tədbirlər görülmüş, əhalinin istirahət etdiyi yerlərdə reydlər və əməliyyat yoxlamaları təşkil edilmişdir.
2020-ci ilin 6 ayı ərzində rayon ərazisində narkotiklərlə bağlı 29 cinayət faktı qeydə alınmışdır. Onlardan 10 fakt satış, 19 fakt isə narkotiklərin qanunsuz saxlanılması üzrə olmuşdur.
Natiq çıxışının sonunda onu da vurğulayıb ki, İşçi Qrupunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə üzrə 2019-cu il ərzində aidiyyəti orqanlar və yerli komissiyalar tərəfindən görülən işlərin nəticəsinə dair” təhlil komissiyada müzakirə edilmişdir. Həmin təhlildə göstərilən məlumatlar, habelə tapşırıq və tövsiyələr gələcək fəaliyyətimizdə nəzərə alınacaqdır. İlk növbədə ictimai maarifləndirmə işlərinə diqqətin artırılması, hüquqpozmalara meyilli olan şəxslər barəsində vaxtında qabaqlayıcı profilaktik tədbirlərin görülməsi, bu istiqamətdə aidiyyəti qurumlarla qarşılıqlı fəaliyyətin təmin edilməsi, yerlərdə keçirilən maarifləndirmə tədbirlərinə dair məlumatların Dövlət Komissiyasının elektron poçt ünvanına göndərilməsi, təhsil müəssisələrində güşələrin yaradılması istiqamətində əlavə tədbirlərin görülməsi kimi məsələlərin həyata keçirilməsində bütün zəruri işlərin intensivliyi daha da artırılacaqdır.
Onlayn konfransın sonunda İşçi Qrupu rəhbərinin müavini T. Aydınov bütün tədbir iştirakçılarına fəal iştiraklarına görə təşəkkürünü bildirib, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın, eləcə də aidiyyəti üzrə digər tapşırıqların icrası istiqamətində şəhər və rayon komissiyalarına uğurlar diləyib. Eyni zamanda T.Aydınov yerlərdə yeni forma və metodlardan istifadə edilməklə tədbirlərin keçirilməsinin intensivliyinin artırılmasının zəruriliyini önə çəkib, həmçinin qəti olaraq bildirib ki, qanunvericiliyə uyğun olaraq müsadirə edilmiş və barəsində məhvetmə qərarı qəbul edilmiş narkotik vasitələrin məhvetmə prosesi yerlərdə fəaliyyət göstərən aidiyyəti komissiyalar tərəfindən Dövlət Komissiyasının 2012-ci il 1 nömrəli qərarının tələblərinə əsasən həyata keçirlməlidir və bu işlərə xüsusi nəzarət olunmalıdır.