Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Dünyaya həmrəylik nümayiş etdirir

10 iyul 2020 | 16:00

2020-ci il təqviminə qədəm qoyandan dünya təlatümlər içərisində çalxalanır. Onsuz da dünya güclərinin yaratdığı bu gərgin siyasi mənzərə “Yeni dünya düzəninin” konturlarını cızmaqda davam etməkdədir. Bir tərəfdən Amerika kimi supergüc dövlət, digər tərəfdən Qərbin aparıcı ölkələri, o biri tərəfdən Sovet şinelindən çıxmış Rusiya, başqa bir tərəfdən dünya iqtisadiyyatına xüsusi qatqısı olan Çin kimi böyük bir dövlət  yeni bir dövrün, yeni bir eranın başlanğıcını qoyurlar. Məqsəd və niyyət birdir. Dünya resurslarına öz maraq prizmasından baxaraq, necə deyərlər: ”Sazı öz simi üstə kökləmək”  kimi ideya və məramla siyasi, iqtisadi və sosial katakilizmlər yaratmaqla əsl simalarını ortaya qoymuş olurlar.

2019-cu ilin dekabrından Çinin Uhan şəhərindən dünyaya səs salan Koronavirus (COVİD-19) pandemiyası beynəlxalq aləmi narahat etməkdədir. Demək olar ki, bütün dünyanın səfərbər olduğu bu mübarizə meydanında tibbin nə qədər aciz olduğu aydın sezilməkdədir. İnsan həyatı bu gün ölüm-qalım mübarizəsi aparır. Ümumdünya Səhiyyə Təşkilatı bu xəstəliyi pandemiya elan etmişdir. Dünya dövlətləri bu gün koronavirusla mübarizədə işini ÜST-nin tələb və tövsiyələri əsasında qurmaqdadır. Bu qlobal problem bir sıra şərtləri diqtə edir ki, onlardan biri də virusla mübarizədə beynəlxalq həmrəylikdir.

Təsadüfi deyil ki, həyata keçirdiyi mübarizə tədbirlərinə görə beynəlxalq səviyyədə təqdir olunan Azərbaycan dövləti koronavirusun qarşısının alınmasında yalnız yerli nümunələr yaratmaqla kifayətlənmir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev virusun qlobal problemə çevrilməsini nəzərə alaraq, onunla mübarizədə beynəlxalq əməkdaşlığı zəruri hesab edir. Məhz İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans formatında fövqəladə Zirvə görüşünün keçirilməsində də əsas məqsəd koronavirusun yayılmasına qarşı mübarizədə beynəlxalq əməkdaşlığın həyata keçirilməsindən ibarət olub. Məhz bundan sonra qlobal problemin mənfi təsirlərini azaltmaq üçün dövlətlərin birgə səy göstərmələri bütün dünyada aktuallaşmağa başladı.

Mayın 4-də isə İlham Əliyevin təşəbbüsü ilə  ikinci beynəlxalq tədbir – Qoşulmama Hərəkatının Təmas qrupu formatında videokonfrans vasitəsilə “COVİD-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirildi.

40-a yaxın ölkənin dövlət və hökumət başçısının, xarici işlər nazirlərinin, o cümlədən BMT Baş Assambleyasının prezidentinin, Afrika İttifaqının sədrinin, Ümumdünya  Səhiyyə Təşkilatının Baş direktorunun iştirak etdiyi zirvə toplantısı, ilk növbədə Azərbaycana və Prezident İlham Əliyevə olan inamın, etibarın göstəricisi kimi tarixə düşdü. Bu tədbiri keçirməklə Azərbaycan bir daha sübut etdi ki, Qoşulmama Hərəkatına sədrliyi öz üzərinə götürərkən beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacağına, həmrəyliyin gücləndirilməsinə və qarşılıqlı dəstəyi rəhbər tutacağına dair vədlərinə qətiyyətlə əməl edir.

COVİD-19-un qlobal problem olduğunu nəzərə alaraq, Prezident İlham Əliyev Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə yekdil həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sesiyasının keçirilməsi təklifi ilə çıxış etmişdir.

BMT-nin üzvü olan 130-dan çox ölkə Azərbaycan Prezidentinin təşəbbüsünə dəstək verdiklərini bildiriblər.

Təşəbbüsə qarşı çıxan yeganə dövlət isə Ermənistan olmuşdur. Bütün dünya  bir daha Ermənistanın əsl irticaçı simasının şahidi oldu.

Bəli, Azərbaycan öz həmrəylik missiyasını uğurla yerinə yetirməkdədir. İlham Əliyevin təbirincə desək: “Bu günə qədər 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərmişik. Biz bu haqda heç məlumat da vermirdik. Çünki  biz bunu piar üçün yox, sadəcə olaraq, ölkələrə həmrəylik borcu kimi edirik. Bizim fəlsəfəmiz belədir. Mən əminəm ki, əgər kimsə yardım üçün müraciət edirsə, imkan daxilində o xahişlər təmin olunmalıdır. Çünki biz ancaq əməkdaşlıq, xeyirxahlıq, yardım və dəstək hesabına daha çox dost qazana bilərik”.

Budur, Azərbaycan Prezidentinin dünyaya nümayiş etdirdiyi insanlıq yolu, mərhəmət və ədalət tərənnümü... Çox istərdik ki, Ermənistan kimi faşist rejimli bir dövlət bu missiyadan dərs çıxara və  həmrəyliyin nə olduğunu anlaya.

Mürvət İbrahimov

Nizami Rayon icra Hakimiyyəti başçısı  aparatının
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi
Keçidlər