Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan ordusunun yeni zəfəri – böyük Qələbəyə gedən yol!

16 iyul 2020 | 16:00

Erməni silahlı qüvvələrinin 2020-ci il iyulun 12-də Tovuz rayonu istiqamətindən Azərbaycan ərazilərinə soxulmaq cəhdi Ermənistanın işğalçı və təcavüzkar siyasət yürütməsinin növbəti təsdiqidir. Torpaqlarımızın keşiyində mətinliklə duran vətən övladları tərəfindən düşmənin hücumunun qarşısı qəhrəmancasına alındı, erməni hərbi birləşmələrinə sarsıdıcı zərbələr vuruldu, düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası məhv edildi.

Azərbaycan sərhədinə xaincəsinə hücum Paşinyan hökumətinin danışıqlar prosesində maraqlı olmamasından irəli gəlir, eyni zamanda bu hadisə bir sıra siyasi manevrlərin məntiqi nəticəsidir. İlk növbədə onu qeyd etmək lazımdır ki, Ermənistan tərəfi xeyli vaxt idi ki, işğal olunmuş Azərbaycan ərazilərində sülh prosesinə kölgə salan hərbi-siyasi fəaliyyətlə məşguldur. Ermənistan prezidentinin və baş nazirinin müxtəlif vaxtlarda işğal olunmuş ərazilərimizə gəlmələri, burada müxtəlif kütləvi-hərbi tədbirlərdə iştirak etmələri, qondarma Dağlıq Qarabağ respublikasında saxta “seçkilər”in keçirilməsi və həmin seçkilərin yekun nəticəsi olaraq Şuşada andiçmə mərasiminin təşkili Ermənistanın regionda sülh və təhlükəsizlik prinsiplərindən tamamilə uzaq olmasının bariz göstəriciləridir. Digər tərəfdən bu gün Ermənistanda daxili ictimai-siyasi və sosial-iqtisadi vəziyyət olduqca mürəkkəbdir, əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran yaşanır. Korrupsiya, sosial-iqtisadi problemlər, koronavirusla mübarizə sahəsində saysız-hesabsız problemlər, insan hüquq və azadlıqlarının boğulması, avtoritar idarəçiliyin formalaşdırılması və azad sözə qarşı repressiyalar hakimiyyəti çox çətin bir duruma salıb. Hazırda Ermənistanda hakimiyyətə qarşı müxalifətin vahid cəbhədə birləşməsi prosesi gedir, xalq artıq baş nazirin populist çıxışlarına inanmır, onun vəd etdiyi “çiçəklənmə” reallaşmır.

Bu baxımdan Ermənistan hərbi bölmələrinin Azərbaycanla sərhəddə törətdiyi növbəti təxribat Paşinyan hakimiyyətinin beynəlxalq ictimaiyyətin diqqətini daxili məsələlərdən yayındıraraq fərqli istiqamətə yönəltmək, ölkə daxilində müşahidə olunan və gündən-günə artan gərginliyi azaltmaq məqsədi güdür.

Paşinyan hökuməti xarici siyasətdə də uğursuzluğa düçar olmuşdur. Bütün dünya ictimaiyyəti martda Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində təşkil etdiyi “seçki” şousunu qəbul etməyərək Azərbaycanın ərazi bütövlünü dəstəkləmişdi. Azərbaycanın dünyada nüfuzunun, çəkisinin günü-gündən daha da artması, beynəlxalq mövqelərinin daha da güclənməsi Ermənistanı qıcıqlandırır. Ölkəmizin diplomatik uğurları, dövlət başçımızın irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi, o cümlədən ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatının Zirvə toplantısının geniş rezonans doğurması, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsi Ermənistanın erməni lobbisini, xarici ermənipərəst dairələri, Azərbaycanı istəməyən xarici qüvvələri ciddi narahat edir;

Prezident İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında, Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, Münhen Təhlükəsizlik Konfransında Ermənistanın işğalçılıq siyasətini və faşist simasını ifşa etməsi, dünyanın aparıcı beynəlxalq qurumlarının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərarlar qəbul etməsi xarici ermənipərəst dairələri və Ermənistan hakimiyyətini ciddi problemlər qarşısında qoyubdur.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin dünyanın 130-dan çox ölkəsi tərəfindən BMT Baş Assambleyasının COVİD-19 pandemiyasına qarşı videokonfrans vasitəsilə dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün əleyhinə çıxan yeganə ölkə Ermənistan olmuşdur.  

Ölkədaxili problemlərdən və xarici siyasətdə iflasdan diqqəti yayındırmaq məqsədilə Ermənistan belə bir avantüraya getmiş, Azərbaycan ərazilərinə soxulmağa cəhd göstərmişdir. Lakin Ermənistan hökuməti başa düşmür ki, ümid etdikləri hərbi müdaxilə Paşinyan hakimiyyətini növbəti böhrana aparmaqla tarix səhnəsindən birdəfəlik siləcəkdir, necə deyərlər, qazdığı quyuya özü düşəcəkdir. Ermənistan tərəfindən sərhəddə törədilmiş təxribat onu göstərir ki, rəsmi Yerevan Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı deyil və məqsədi Azərbaycan ərazilərini işğalda saxlamaqdan ibarətdir.

Ermənistan uzun müddətdir ki, belə hərbi avantüralar yolu ilə üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə, Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmağa çalışır. Azərbaycanın Ermənistan istisna olmaqla bütün KTMT ölkələri ilə dostluq münasibətləri vardır. KTMT ölkələri də Ermənistanın bu məkrli niyyətini yaxşı başa düşürlər.

Dünyanın COVİD-19-a qarşı mübarizə apardığı şəraitdə Ermənistan tərəfindən bu hücum və təxribat əməlinin törədilməsi bir daha sübut edir ki, Ermənistanın BMT Baş katibinin COVİD-19 ilə əlaqədar qlobal atəşkəs təşəbbüsünü dəstəkləməsi riyakarlıqdan başqa bir şey deyildir.

Siyasi dayaqlarını və nüfuzunu itirmiş Ermənistan hökuməti bir şeyi başa düşməliydi ki, indi istənilən hərbi müdaxilə anında və yerində tutarlı cavab verməyə qadir olan bir ordumuz vardır və müdaxilənin ilk anında düşmən qüvvələri bunu hiss etdilər. Düşmənə ən ağır zərbə vuruldu, qeyrətli və vətənpərvər oğullarımız Ali Baş Komandanımız, cənab Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşərək yeni bir salnamə yazdılar, Tovuz salnaməsi!

Təhlükəsizlik Şurasının iyulun 13-də keçirilən iclasında cənab Prezident İlham Əliyev bəyan etdi: “Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı, Azərbaycan öz dövlət sərhədini qorudu və Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməmişlər”.

Bu gün Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, torpaqlarımızı işğaldan azad etməyə hazırdır. 2016-cı il Aprel döyüşləri, Lələtəpə və Talış əməliyyatları, 2018-ci ildə Naxçıvanda Günnüt əməliyyatı ordumuzun hansı imkanlara qadir olduğunu göstərib. Bu günlərdə Tovuz istiqamətində baş verənlər isə bir daha Azərbaycanın Ermənistan üzərindəki əzici hərbi üstünlüyünü nümayiş etdirdi. Bu qalibiyyətlər Azərbaycanı sürətlə böyük Qələbəyə yaxınlaşdırır!

 

 Bəhman  Hüseynov
Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatının
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı

 

 

 

 

Keçidlər