Azərbaycanın uğurlu inkişafının əsas şərti – xalq-iqtidar birliyidir
2020-ci il iyulun 15-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. İclasda cənab Prezident İlham Əliyev dərin məzmunlu geniş nitq söyləyib. Həmin nitqdə cənab Prezident ictimai-siyasi vəziyyətin və son günlərdə baş verən hadisələrin geniş təhlilini verərək qarşıda duran əsas vəzifələr və həmin vəzifələrin həlli istiqamətində həyata keçiriləcək işlər barədə konkret tapşırıqlar verib.
Cənab Prezident nitqində qeyd etmişdir:
Azərbaycan Silahlı Qüvvələri tərəfindən hərbçilərimizin intiqamı alınmışdır.
İyulun 12-də erməni silahlı qüvvələri Azərbaycan mövqelərinə artilleriya atəşi ilə zərbə endirmişlər və bu gözlənilməz zərbə nəticəsində bizim hərbçilərimiz həlak olmuş, yaralanmışlar. Azərbaycan Silahlı Qüvvələri tərəfindən hərbçilərimizin intiqamı alınmış, onların qanı yerdə qalmamış və düşmənə elə bir zərbə endirilmişdir ki, uzun illər bundan sonra da yaddan çıxarmayacaqlar. Bu əməliyyat, son günlər ərzində baş vermiş hərbi toqquşma - bizim növbəti şanlı qələbəmizdir.
Azərbaycan dövləti və Azərbaycan Ordusu hər bir vətəndaşını qoruyur və qoruyacaqdır.
Aprel döyüşlərində olduğu kimi, bu dəfə də mənfur qonşu ən çirkin əməllərə əl atmışdır. Kəndlərimizi atəşə tutmuş və bunun nəticəsində 76 yaşında ağsaqqal Əziz Əzizov həlak olmuşdur. Mülki əhaliyə qarşı törədilən cinayətlər bir daha onu göstərir ki, Ermənistan faşist dövlətidir.
Ermənistan heç vaxt açıq döyüşdə qələbə qazana bilməyib və bilməz. Torpaqların itirilməsi o vaxt hakimiyyətə göz dikmiş Azərbaycan Xalq Cəbhəsinin və onun başında dayananların xəyanətidir. O vaxt Azərbaycanda vəziyyəti qarışdırmaq, hərc-mərclik salmaq, hakimiyyəti yıxmaq üçün onlar Qarabağ bölgəsində xəyanət etmişlər.
Son günlər ərzində baş vermiş toqquşmalar və qanlı döyüşlər Azərbaycan dövlətinin, ordusunun gücünü, xalqla iqtidar arasındakı birliyi bir daha göstərmişdir.
Ermənistanda demokratik prinsiplər tamamilə pozulub, Venesiya Komissiyasının tövsiyələri rədd edilib, siyasi opponentlər təqib olunur və diktatura hökm sürür. Ona görə də, indi Ermənistan rəhbərliyinə hansısa bir böhranlı vəziyyət lazımdır ki, ictimai fikri bu əsas məsələlərdən yayındırsın.
Operativ məlumata görə, Ermənistanda bəzi kəndlər, şəhərlər boşalır. İndi panika yaranıbdır. Bax, fərq budur. Azərbaycan vətəndaşı öz torpağında ləyaqətlə yaşayır. Azərbaycan dövləti və Azərbaycan Ordusu onu qoruyur və qoruyacaqdır.
Bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır.
Diplomatik fəaliyyətimiz daha səmərəli ola bilərdi. Bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır, passiv, özünü müdafiə edən diplomatiya olmamalıdır, kiminsə xoşuna gəlmək naminə öz sözünü deməkdən çəkinən diplomatiya olmamalıdır. Ölkə başçısı tərəfindən bu məsələ dəfələrlə müxtəlif tədbirlərdə, Xarici İşlər Nazirliyində, Azərbaycanın xarici ölkələrdəki səfirləri ilə görüşlərdə dilə gətirilmişdir. Bütün beynəlxalq təşkilatlar, o cümlədən Minsk qrupunun həmsədrləri bunu bilirlər.
XİN beynəlxalq təşkilatlarda Azərbaycana ünvanlanan əsassız ittihamlara cavab verməlidir, susmalı deyil. Ölkə başçısı bu barədə dəfələrlə öz mövqeyini bildirib, göstərişlər verib. Amma biz bu göstərişlərin həyatda öz əksini tapmasını müşahidə etmirik. Əfsuslar olsun ki, son vaxtlar bizim diplomatiyamız ölkəmizin uğurlu inkişafı ilə uzlaşmır, bəzi hallarda mənasız işlərlə, mənasız danışıqlarla məşğuldur. Xarici İşlər Nazirliyi nə ilə məşğul idi son günlərdə? Ayın 12-də hadisələr baş verəndən sonra XİN rəhbəri istisna olmaqla, dövlət başçısı və rəsmilər işinin başında idi.
Azərbaycanda hakimiyyət xalq hakimiyyətidir, xalqın iradəsinə əsaslanan hakimiyyətdir.
Dövlət başçısı bütün vacib məsələləri xalq ilə bölüşür, həm məsləhətləşir, həm öz fikirlərini, öz siyasətini deyir və eyni zamanda, xalqı narahat edən problemləri dərindən təhlil edir. Təsadüfən deyilmir ki, xalqın gözü tərəzidir. Azərbaycanda hakimiyyət xalq hakimiyyətidir, xalqın iradəsinə əsaslanan hakimiyyətdir.
Türkiyədən yenidən qardaşlıq, dostluq münasibəti gördük.
Bu günlərdə Azərbaycan tək qalmadı, qardaş Türkiyəyə Cümhuriyyəti və onun Prezidenti, Rəcəb Tayyib Ərdoğan Azərbaycanı dəstəklədi. Türkiyədən yenidən qardaşlıq, dostluq münasibəti gördük.
Pakistan birmənalı mövqe bildirib, Azərbaycanın haqq işinə öz dəstəyini verib. Eyni zamanda, digər ölkələrin rəsmi nümayəndələri də Azərbaycanı dəstəklədilər. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası açıqlama verib. Özündə 57 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanı dəstəkləyən bəyanatla çıxış edib.
Bu gün xalq-iqtidar birliyi Azərbaycanın uğurlu inkişafının əsas şərtidir və ölkədə sabitliyin təminatçısı Azərbaycan xalqıdır.
Ordumuzun uğurlu əməliyyatı və əldə edilmiş nəticələr, hərbi qələbə, təbii olaraq Azərbaycan ictimaiyyətində ruh yüksəkliyi yaratdı, xalqımızı coşdurdu. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı ağır günlərdə bir nöqtəyə vura bilir. Bu, xalq-iqtidar birliyini göstərən daha bir mənzərə idi.
Azərbaycanı anarxiyaya sürükləmək mümkün deyil.
Ordumuzun düşmən hücumunu qəhrəmancasına dəf etdiyi gecə döyüşçülərimizə dəstək məqsədilə çoxsaylı insan Şəhidlər xiyabanına gəldi. Ancaq əfsuslar olsun ki, sonra oraya görünür bu məsələ ilə bağlı haradansa xəbər tutmuş bəzi təxribatçı qruplar da daxil oldular. Onların arasına Azərbaycan Xalq Cəbhəsinin tör-töküntüləri girib, bu gözəl və nəcib addıma kölgə salmağa, qanunsuz əməllər törətməyə çalışdılar. Təbii ki, Daxili İşlər orqanları tərəfindən onların bu əməllərinə qısa müddət ərzində son qoyuldu.
Vətən, torpaq uğrunda həlak olanlar şəhidlik zirvəsinə ucalırlar. Onlar, eyni zamanda, bu qəhrəmanlıqları ilə gənclərimizdə vətənpərvərlik hissini daha da artırır, işğal altında olan torpaqlarımızın azad edilməsi üçün dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin hücum əmrini gözləyirlər. İyulun 14-15-də Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilmiş aksiya cəmiyyətimizdə vətənpərvərlik ruhunun nə qədər yüksək olmasına bir daha işıq saldı. Bu, kimliyindən, siyasi əqidəsindən, etnik və dini mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı üçün qürürvericidir.