Şriftin ölçüsü :

Saytın rəngi :

Bütün müsəlman ölkələrinin dəstəyi ölkəmizin nüfuzunun göstəricisidir

22 iyul 2020 | 16:00

2020-ci il 21 iyulda Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti ölkəmizin ictimai-siyasi həyatını əks etdirən bir sıra mühüm məsələlər barədə ətraflı məlumatlar vermiş, Azərbaycan xalqına öz dəyərli fikirlərini çatdırmışdır. Çıxışında cənab Prezidentimiz Ermənistan silahlı qüvvələrinin 12 iyulda Tovuz bölgəsində ərazilərimizə soxulmasını və mərd Azərbaycan əsgərləri tərəfindən həmin hücumun qarşısının mətanətlə alınması və düşmən tərəfinə vurulan sarsıdıcı zərbələr barədə geniş açıqlama vermiş, həmçinin bu hadisələr zamanı Azərbaycana  dəstək olan bir sıra ölkələrin və beynəlxalq təşkilatların, o cümlədən özündə 57 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının fəaliyyətini xüsusilə qeyd etmişdir.

Müsəlman dünyasının bir parçası olan Azərbaycanın düşmən təcavüzünə məruz qaldığı zamanı İslam Əməkdaşlıq Təşkilatı tərəfindən dəstəklənməsi çox təbii və arzuolunandır. İslam həmrəyliyinin gücləndirilməsi Azərbaycanın xarici siyasətində prioritet məsələlərdən biridir. Müsəlman ölkələri ilə mehriban və qarşılıqlı münasibətlər quran respublikamız təmsil olunduğu hər bir beynəlxalq təşkilat çərçivəsində də İslam dünyasının maraq və mənafelərini müdafiə edir. İslam aləminin, müsəlman dövlətlərinin siyasi birliyə, mənəvi həmrəyliyə, əqidə və məram tərəfdaşlığına böyük ehtiyacı olmuşdur. Bu baxımdan Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycan Respublikasında “İslam həmrəyliyi ili” elan edilməsi və həmin ildə  may ayının 17-dən 22-nə kimi Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ölkəmizin İslam birliyinə olan həssas münasibətinin göstəricisi sayılır. Bu təşəbbüs dünyada İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində əməli addımların atılmasına, o cümlədən müsəlman ölkələri arasında əməkdaşlıq əlaqələrinin daha da güclənməsinə öz töhfəsini vermiş, İslam dünyasında sülhün, əmin-amanlığın təmin olunmasında və möhkəmlənməsində mühüm rol oynamışdır.

Cənab Prezident İlham Əliyev çıxışında xüsusilə vurğulamışdır ki, ilk növbədə, biz öz evimizdə qayda-qanun, həmrəylik, dostluq yaradaq. Biz gərək, müsəlman aləmində birlik yaradaq.

Lakin çox təəssüflər olsun ki, bir sıra müsəlman ölkələri işğalçı Ermənistanla əlaqələr qurur, dövlət başçıları səviyyəsində rəsmi görüşlər keçirir, səfərlər edirlər. Bu cür münasibətlər Azərbaycan dövlətini narahat edir. Çünki tarixi reallıq ikili standartları qəbul etmir, bu yalnız təəssüf və ikrah hissi doğurur, münasibətlərə yenidən baxılmasını tələb edir. Hər şey faktlara söykənməlidir. Verilmiş bəyanatlara, qəbul olunmuş qərarlara sözdə deyil, əməli işdə də qoşulmaq lazımdır. Məhz bu baxımdan cənab Prezident çox haqlı olaraq: “Müsəlman məscidlərini dağıdan Ermənistanla hansı əlaqələr ola bilər?” mesajını ünvanlayır. Eyni zamanda Prezident İlham Əliyev diplomatik gedişlə bu sualın cavabını verir: “Ancaq o ölkələrin xalqları buna imkan verməyəcəklər və verməməlidirlər. Əgər görsələr ki,  bu ölkələrin hakimiyyəti öz dini mənsubiyyətini ancaq dildə ifadə edir, o ölkələrin vətəndaşları öz sözünü deməlidir, Azərbaycanla həmrəy olmalıdır.”

Bizim işimiz haqq işidir, torpaqlarımızın qorunması, işğalçıların ərazilərimizdən çıxarılması, doğma Azərbaycanımızda əbədi sülhün bərqərar olunması əsas vəzifələrimizdir. Ölkəmizdə möhkəm və ayrılmaz tellərlə özünü təsdiqləmiş Prezident-xalq birliyi sayəsində tezliklə müqəddəs arzularımıza çatacaq, yağı düşmənləri Vətən torpaqlarından qovacağıq!

 

Hacı Sirac Səfərov
Rayonun ictimai fəalı
Keçidlər