Vətəndaşlarımızın, qəhrəman hərbçilərimizin arxasında güclü Azərbaycan dövləti dayanır
Ermənistan silahlı qüvvələrinin 2020-ci il iyul ayının 12-dən başlayaraq Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində qəsdən və hədəflənmiş yaşayış məntəqələrini iri çaplı silahlardan və ağır artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə ciddi ziyan dəymişdir. Dəymiş ziyanın aradan qaldırılması, zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin sürətlə həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Sərəncam verilmişdir. Sərəncamda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə birlikdə qısa müddətdə hadisə nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və bu barədə məlumatların Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, eyni zamanda Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilmiş məlumatlara uyğun olaraq, dəymiş ziyanın aradan qaldırılması, zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin sürətlə həyata keçirilməsi üçün tələb olunan maliyyə vəsaiti barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi tapşırılmışdır.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə bağlı Tovuz rayonunda işlərə başlanılıb və təcili tədbirlər görülür. Bu məqsədlə İşçi Qrup yaradılıb, mütəxəssislər cəlb edilib, ekspertlər dərhal Tovuz rayonuna ezam olunublar. Vəziyyətlə bilavasitə yerində tanış olmaq ucun hücuma məruz qalmış yaşayış məntəqələrində hərbi təcavüzdən zərər çəkmiş dinc əhalinin, onların əmlaklarının, dövlət obyektlərinin vəziyyəti öyrənilir, ekspertlər tərəfindən obyektlərə müayinə və ekspertiza işləri aparılır. Dəymiş ziyanın qısa müddətdə qiymətləndirilməsi təmin ediləcək, ekspertlər tərəfindən hazırlanacaq və təqdim ediləcək qiymətləndirmə məlumatlarına əsasən, dinc əhaliyə, yaşayış ərazilərinə, dövlət və bələdiyyə əmlakına, təsərrüfatlara, infrastruktura dəymiş ziyanın aradan qaldırılması ilə bağlı hökumət tərəfindən Tədbirlər Planı hazırlanacaq, zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin sürətlə həyata keçirilməsi üçün təkliflər Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcəkdir.
Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozması nəticəsində həlak olmuş şəhid hərbi qulluqçuların ailələrinin sosial müdafiəsinin, məşğulluğunun təmin edilməsi məqsədilə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi tapşırığı ilə müvafiq tədbirlərə başlanılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhidlərin ailələrinə Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdlərinin, həmçinin pensiya hüququ olmayan ailə üzvlərinə aylıq müavinətlərin, ailə başçısını itirməyə görə müvafiq sosial təminat ödənişlərinin təyinatı istiqamətində işlər görülüb. Eyni zamanda, şəhidlərin ailə üzvlərindən işsiz olan şəxslərin özünüməşğulluq proqramına cəlb edilmək üçün potensialları müəyyən edilib. Onların proqram çərçivəsində kiçik ailə təsərrüfatlarını yaratmaları məqsədilə müvafiq işlərə başlanılıb. Həmçinin həmin şəxslərdən bir qismi istəklərinə uyğun olaraq ödənişli ictimai işlərə və digər aktiv məşğulluq tədbirlərinə cəlb edilmələri üçün qeydiyyata götürülüblər.
İşlərin gedişi dövlət başçısının şəxsi nəzarətindədir. Mülki əhaliyə və dövlət əmlakına dəymiş ziyanın aradan qaldırılması üçün bütün qüvvələr səfərbərliyə alınıb. Tovuza, tovuzlulara dəyən zərər tezliklə aradan qaldırılacaq.
Azərbaycan dövləti ölkə ərazisində vətəndaşlarının təhlükəsiz yaşamasının qarantıdır. Vətəndaşlarımızın, qəhrəman hərbçilərimizin arxasında güclü Azərbaycan dövləti dayanır.