Ölkə başçısının şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına olan dəstəyi daimidir
Ölkəmizdə şəhid ailələrinin, müharibə əlillərinin problemləri dövlət tərəfindən daim diqqət mərkəzindədir. Ölkə Prezidenti cənab İlham Əliyevin 22 iyul 2020-ci il tarixində Xətai rayonunda müharibə əlilləri, şəhid ailələri və rayon ictimaiyyəti ilə görüşü zamanı dövlət başçısı bunu öz çıxışında bir daha bildirmiş və son illər ərzində bu sahədə dövlətimiz tərəfindən mühüm işlərin görüldüyünü və davamlı olaraq görüləcəyini vurğulamışdır. Bu kateqoriyadan olan 8000 ailənin mənzillərlə, 7000 nəfərin isə minik avtomobilləri ilə təmin edildiyni bildirmiş, cari ildə isə 1500 şəhid ailəsi və müharibə əlilinin mənzillərlə təmin edildiyini, eyni zamanda, əlillər üçün 400 minik avtomobilinin də nəzərdə tutulduğunu söyləmişdir. Bu il bu sahədə ən böyük göstəriciyə nail olunduğunu vurğulayan cənab Prezident bu işin davamlı olacağını nəzərə çatdırmışdır.
Bundan əlavə, Azərbaycan dövləti qaçqın və köçkün ailələrinin problemlərini həll edir və həll etmək əzmindədir. Təkcə bu il yeddi mindən artıq bu kateqoriyadan olan ailələr mənzillə təmin ediləcəkdir. Sevindirici haldır ki, özəl sektorumuz da, bu sahədə mühüm işlər görməyə meyllidir. Belə təşəbbüslə çıxış edən “Kapital Bank” 68 mənzil tikərək bu kateqoriyadan olan insanlara təhvil vermişdir. Özəl şirkət olan “Paşa Holdinq” tərəfindən Qobu qəsəbəsində üç şəhərcik tikilərək istifadəyə verilmişdir. 4000 köçkün ailəsi burada mənzillə təmin edilmişdir. Bundan əlavə bu şəhərciklərdə məktəb kompleksləri, tibb müəssisələri, mədəni-maarif, məişət, ticarət obyektləri də tikilib əhalinin istifadəsinə verilmişdir. Görülən bu işlər ölkə başçısının apardığı düzgün siyasətin və vətəndaş həmrəyliyinin bariz nümunəsidir.
Ölkə başçısı Xətai rayonu ictimaiyyəti qarşısındakı çıxışı zamanı bildirmişdir ki, bu gün onun göstərişinə uyğun olaraq, pensiyalar orta hesabla 27 faiz, işlək təbəqənin orta əməkhaqqı isə 25 faiz artıb. Bundan əlavə sosial sahədə bir çox daha böyük işlər görülüb. Belə ki, şəhid ailələrinə verilən müavinətlər 250 manatdan 300 manata, köçkünlərimizin müavinətləri 50% artırılıb. Müharibə veteranlarına verilən müavinət də 80 manata çatdırılmışdır və bu son deyil. Ilin sonuna kimi bir sıra sosial paketlərin icrası istiqamətində mühüm işlərin görülməsi nəzərdə tutulur.
Prezident bildirmişdir ki, baxmayaraq bu gün bizim də ölkəmiz pandemiya dövrünü yaşayır, açıq deməliyik, bu hal bütün dünyanı az qala böhran vəziyyətinə çatdırmışdır. Bundan başqa, digər neft ölkələri kimi bizim ölkəmizin də neftin qiymətinin dünya bazarında aşağı düşməsi nəticəsində gəlirləri azalmışdır. Bunu nəzərə almayaraq, biz respublikamızda sosial layihələrə ayrılan vəsaitlərin azalmasına yol verməmişik və heç vaxt verməyəcəyik.
Prezident son zamanlar baş verən erməni təxribatlarından danışaraq, qeyd etmişdir ki, illərdir ölkəmizi məcburi şəkildə dərin müharibəyə cəlb etməyə çalışan Ermənistan əzəli torpaqlarımız olan Dağlıq Qarabağda, ətraf yeddi rayonlarımızda hərbi təxribatlar törətməkdən usanmayır. Qulaqlarına qədər maddi-iqtisadi çətinliklər bataqlığında üzən Ermənistan öz vətəndaşlarının fikrini müharibə etməklə hakimiyyət çevrilişindən yayındırmağa çalışır. Odur ki, Ermənistan hakimiyyəti və onun başında duran Nikol Paşinyan həyasızcasına öz məkrli hərbi-terrorçuluq siyasətini yürütməyə çalışır. Bu müharıbə terrorçularının 12 iyulda Tovuz rayonu istiqamətində iri çaplı atıcı silahlardan və artilleriya qurğularından istifadə edərək ölkəmizə basqın etməyə çalışması buna bariz misaldır. Məhz bunun nəticəsində şəhidlərimiz olub, qan tökülüb, o cümlədən mülki vətəndaşımız həlak olub. Ermənistan ordusu Tovuz rayonu istiqamətində bizim hərbi mövqelərimizi, torpaqlarımızın bir hissəsini zəbt etmək üçün namərdcəsinə, qəflətən artilleriya hücumu təşkil edib və bunun nəticəsində hərbçilərimiz həlak olub, yaralanıb. Qisas əməliyyatı nəticəsində onlarla düşmən, onların texnikası məhv edildi.
Ermənistanın bu azğınlığının qarşısını almaq naminə paytaxt Bakıda minlərlə insan meydanlara axışdı. Minlərlə insan Prezidentinə, Dövlətinə, Ordusuna dəstək göstərdi. Belə birlik bizi sevindirir. Bir müddətdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məntəqələrinə gənclərimiz, Birinci Qarabağ Müharibəsinin veteranları axın edirlər. Artıq əlli mindən çox insanımız könüllü olaraq, düşmənlə döyüşə getməyə görə ərizə ilə müraciət etmişdir. Bizim dövlətimizin siyasəti ədalətli siyasətdir, beynəlxalq hüquqa, tarixi ədalətə söykənir və biz istədiyimizə nail olacağıq. Bu yolda bizim ölkəmiz tək deyildir. Onlarla dost-qardaş ölkələr bizim apardığımız siyasəti bəyənir və yanımızdadırlar. Bu son təxribatı zamanı, necə deyərlər, ölümcül zərbə alan düşmən Ermənistanın rəhbəri Nikol Paşinyan KTMT-yə qaçdı, təcili yardım istədi ki, Azərbaycan ordusu ölkəmizə hücum edib. Amma buna heç cürə nail ola bilmədi. KTMT-nin 6 üzvündən üçü beynəlxalq təşkilatlar yolu ilə Azərbaycana dəstək göstərdi.
İlham Əliyev cənabları Azərbaycanın müstəqilliyi, azadlığı, insanlarının rifahı və ölkəmizin güclənməsinin daim diqqət mərkəzində olacağını ictimaiyyət qarşısında növbəti dəfə bəyan etdi. Prezident qeyd etdi ki, bizim üçün bir nömrəli milli məsələ - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllidir. Bizə təklif edilən münaqişənin yarımçıq həlli bizə lazım deyil. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam təmin edilməlidir. Azərbaycan vətəndaşları işğal edilmiş bütün torpaqlara, o cümlədən Şuşaya qayıtmalıdır. Azərbaycanın ərazi bütövlüyü danışıqlar predmeti olmayıb və heç bir vaxt olmayacaqdır. Qaçqın və köçkünlərimiz öz doğma yurdlarına hökmən qayıdacaqlar.