Su təhlükəsizliyində olan problemlərin həlli üçün tədbirlər görülür
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında iyulun 23-də su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda müşavirə keçirilib. Müşavirədə geniş məruzə ilə çıxış edən cənab Prezident su təsərrüfatının mövcud vəziyyətini təhlil edərək qarşıda duran əsas vəzifələr və onların həlli istiqamətində görülməsi vacib olan işlər barəsində müvafiq tapşırıqlarını verib.
İnfrastruktur layihələri arasında su layihələrinin xüsusi yeri vardır:
Ölkəmizdə bütün infrastruktur layihələrini ardıcıl şəkildə icra edilir. İnfrastruktur layihələri arasında su layihələrinin xüsusi yeri vardır. Bu layihələrin icrası nəticəsində ölkəmiz sürətlə inkişaf edib. 2004-cü ildə Azərbaycanda içməli su ilə təminat 40 faiz səviyyəsində idi. Bu gün isə bu rəqəm 70 faizə çatıb. Bakı şəhərində içməli suyu davamlı şəkildə alan əhalinin sayı 29 faiz idi. Bu gün bu rəqəm təxminən 82 faizə çatıb. Regionlarda isə əhalinin içməli su ilə əhatə dairəsi cəmi 9 faiz idi. Bu gün bu rəqəm 63 faizdir.
Azərbaycanda içməli su və suvarma suyu ilə təminat 100 faiz olmalıdır:
Son illərdə Azərbaycanda nəhəng su layihələri vəziyyəti tamamilə müsbət tərəfə dəyişib, onların arasında Oğuz-Qəbələ-Bakı su kəməri xüsusilə qeyd edilməlidir. Taxtakörpü su anbarının tikintisi tarixi layihədir. Çünki bu anbarın su tutumu kifayət qədər böyükdür - 270 milyon kubmetr. Buradan su təqribən 30 min hektar suvarılmayan torpaqlara su verilir. Digər böyük layihə Ceyranbatan su anbarının yenidən qurulması və müasir təmizləyici qurğuların inşa edilməsidir. Şəmkirçay su anbarı əhəmiyyətlidir, anbarın su tutumu 165 milyon kubmetrdir və qərb zonasının bir neçə rayonu bu imkanlardan faydalanır. Cənub zonasında yerləşən Göytəpə və Tovuzçay su anbarları da inşa edilib. Son 15 il ərzində yaradılmış böyük su anbarlarının həcmi 470 milyon kubmetrdir.
Su itkilərinə yol verilməməlidir:
Keçən il yaşanan quraqlıq onu göstərdi ki, böhranlı vəziyyətdə nə etməyin lazım olduğunu aidiyyəti qurumlar düzgün müəyyən edə bilməyiblər. Su həyat deməkdir. İlk növbədə, insanların sağlamlığı böyük dərəcədə təmiz içməli sudan asılıdır. Su itkilərinə yol verilir, suyun mənbəyi düzgün təhlil edilmir. Xərclərə nəzarət çox aşağı səviyyədədir. Suyun çatışmazlığı iqtisadiyyatımıza, kənd təsərrüfatının inkişafına, fermerlərin gəlirlərinə nə qədər böyük ziyan vurur. Taxılçılıqda və pambıqçılıqda məhsuldarlıq daha yüksək olmalı idi. Suya qənaət olunmalıdır, xarici mütəxəssislər cəlb edilməlidir. Bütün bu qanunsuz qoşulmalar tezliklə aradan qaldırılmalıdır. Yerli və mərkəzi icra orqanları, lazım gələrsə, hüquq mühafizə orqanları bu işlərə cəlb edilməlidir. İtkilərin kəskin azaldılması ilə bağlı kompleks tədbirlər görülməlidir. İtkilərin əsas mənbəyi torpaq kanallardır. Digər mərhələlərdə də itkilərə yol verilir. Bəzi hallarda bu itkilər süni şəkildə şişirdilir.
Meliorasiya layihələrinə böyük vəsait qoyulur:
İçməli su layihələrinə, meliorasiya layihələrinə böyük vəsait qoyulur. İndi müasir texnologiyalar var. Həmçinin boruların istismar müddətinin uzadılması üçün yeni texnologiyalar var, onlardan istifadə etmək lazımdır. 22 kanalın yenidən qurulması nəzərdə tutulur. Bunun nəticəsində təqribən 300 min hektara yaxın əkin sahəsinin su ilə təminatını tam həll ediləcək. Su ehtiyatlarımızın qiymətləndirilməsində və su ehtiyatlarını artırma ehtimalının dəyərləndirilməsində və bütün digər işlərdə alimlər mütləq iştirak etməlidirlər. Bu işlərə ekologiya üzrə mütəxəssislər mütləq cəlb olunmalıdır.
Vahid idarəetmə mexanizmi işlənməlidir:
Cənab Prezident müşavirədə qeyd olunan işlərin səmərəli şəkildə davam etdirilməsi üçün vahid idarəetmə mexanizminin işlənməli olduğunu vurğulamış və bildirmişdir ki, bu gün su təsərrüfatında fəaliyyət göstərən dörd quruma - “Azərsu”, “Meliorasiya və Su Təsərrüfatı” Səhmdar Cəmiyyəti, Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə bundan sonra geniş ictimaiyyət, alimlər, ekoloqlar, Prezident Administrasiyası və Nazirlər Kabineti ümumi rəhbərlik etməlidirlər ki, bütün bu işlər planlı şəkildə həll olunsun və yaxın gələcəkdə su təhlükəsizliyində olan problemlər həll olunsun.