03 aprel 2014-cü il tarixində Nizami Rayon İcra Hakimiyyətində Şura iclası keçirilmişdir.
03 aprel 2014-cü il tarixində Nizami Rayon İcra Hakimiyyətində Şura iclası keçirilmişdir. İclasda millət vəkilləri Sədaqət Vəliyeva və Rasim Musabəyov iştirak etmişlər.
Şura iclasını Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov açaraq, gündəlikdə 2 məsələnin - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il fevral ayının 17-dən may ayının 1-dək əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırığına uyğun olaraq Nizami rayonu üzrə əhalinin tibbi müayinədən keçirilməsi və rayonun ümumtəhsil məktəblərində ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi vəziyyətinin müzakirə olunacağını bildirdi.
Rayon üzrə əhalinin tibbi müayinədən keçirilmə vəziyyətinə dair məruzə üçün söz İcra Hakimiyyəti başçının müavini Gülnaz İsrafilovaya verildi.
G.İsrafilova məruzəsində ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsinin xəstəliklərin profilaktikası istiqamətində atılan uğurlu addımlardan biri olduğunu, xəstəliklərin erkən aşkar edilməsi baxımından vacibliyini, həmçinin belə aksiyaların keçirilməsinin ölkə rəhbərinin xalqımızın sağlamlığının qorunmasına göstərdiyi qayğının bariz nümunəsi olduğunu qeyd etdi. O, sakinlərin tibbi müayinəsinin yüksək səviyyədə və mütəşəkkil təşkili məqsədilə müvafiq komissiya yaradıldığını, xüsusi qrafik tərtib edildiyini, 18 və 32 №-li Birləşmiş Şəhər Xəstəxanalarında, 26 №-li Şəhər poliklinikasında bütün lazımi hazırlıq işləri görüldüyünü söylədi.
Fevral ayının 17-dən mart ayının 31-dək rayonun 18 yaşdan yuxarı 40151 nəfər əhalisinin icbari tibbi müayinəyə cəlb olunduğunu, onlardan 31991 nəfərin poliklinika və xəstəxanalarda, 8160 nəfərin isə evlərdə müayinədən keçirildiyini, o cümlədən 3648 nəfərin rentgen, 7508 nəfərin laborator, 3815 nəfərin ultrasəs (USM), 3381 nəfərin isə elektrokardioqram (EKQ) müayinəsindən keçdiyini, 2273 nəfərin ambulator, 133 nəfərin isə stasionar müalicəyə qəbul olunduğunu diqqətə çatdırdı.
Müayinə aparılan səhiyyə müəssisələrinin ümumilikdə gündəlik qəbul gücünün 950 nəfər təşkil etməsinə baxmayaraq, hər gün orta hesabla 1293 nəfərin tibbi müayinədən keçdiyini bildirdi.
Məruzə ətrafında 26 №-li Şəhər poliklinikasının baş həkimi Pənah Əliyev, 18 №-li Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Leyla Qarayeva, 32 №-li Birləşmiş Şəhər Xəstəxanasının poliklinika şöbəsinin müdiri Mirzə Əsgərov, 11 №-li Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Nurməmməd Yarıyev, Keşlə bələdiyyəsinin sədri Ələmdar Bafadarov, Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev, Rayon İcra Hakimiyyəti başçısının 2 №-li sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Natiq Quliyev və millət vəkili Sədaqət Vəliyeva çıxış etdilər.
Sonra T.Budaqov gündəlikdə olan ikinci məsələ - Rayonun ümumtəhsil məktəblərində ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi vəziyyətinə dair məruzə etmək üçün sözü Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundova verdi.
Ə.Axundov müasir Azərbaycan tarixinin daha səmərəli öyrənilməsi məqsədilə cari ilin mart ayından başlayaraq may ayının sonunadək ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə dərsdənkənar vaxtlarda 2 akademik saat ərzində Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzuları üzrə əlavə açıq dərslərin tədris olunması barədə iştirakçılara məlumat verdi.
O, rayonun 15 məktəbindən tədrisə cəlb edilən 21 qabaqcıl tarix müəllimi tərəfindən birinci dərslərdə ulu öndərin həyat və fəaliyyətinin müxtəlif aspektlərinin geniş təhlil olunduğunu, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin tarixi xidmətləri barədə şagirdlərə ətraflı məlumat verildiyini, ikinci saatlarda isə sənədli filmlərin nümayiş etdirildiyini söylədi. Həmçinin, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının Heydər Əliyev lektoriya zalı və 220 №-li məktəb-liseyin akt zalında keçirilmiş açıq dərslərdə rayonun 23 ümumtəhsil məktəbinin 1581 şagirdinin iştirak etdiyini, bundan əlavə, Füzuli, Zəngilan, Ağdam, Cəbrayıl, Qubadlı və Laçın rayonlarının 9 köçkün məktəbinin 94 şagirdinin bu dərslərə cəlb edildiyini vurğuladı. Ümumilikdə 3 ay ərzində 2146 şagirdin həmin dərslərdə iştirak edəcəyini bildirdi.
Sonra mövzu ətrafında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı aparatının rəhbəri Ramil Vəlibəyov, 70 №-li məktəb-liseyin tarix müəllimi Vidadi Mehdiyev, 201 №-li məktəbin tarix müəllimi Nahidə Əliyeva və millət vəkili Rasim Musabəyov çıxış etdilər.
İclasa yekun vuran Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov gündəlikdə duran məsələnin zəruriliyini nəzərə alaraq, rayonda əhalinin tibbi müayinədən qrafik üzrə tam həyata keçirilməsinin nəzarətdə saxlanılmasını tapşırdı və ulu öndər Heydər Əliyev irsinin öyrənilməsinin məktəblər arasında yalnız dərs formasında deyil, viktorinalar və digər tədris metodları ilə keçirilməsinin vacibliyini diqqətə çatdırdı.